16 Fevral 2017 18:03
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford Bakıda səfərdədir. Hər iki general ABŞ-Rusiya hərbi münasibətlərinə aydınlıq gətirəcək, müzakirələr aparacaq. Artıq generallar arasında görüş keçirilir. Dünyanın iki super güc mərkəzinin rəhbərlərinin görüş üçün məhz Bakını seçməsi isə xüsusi maraqla qarşılanıb. Bu həm də tərəflərin Azərbaycana verdiyi əhəmiyyətin faktiki göstəricisi də hesab oluna bilər. Hazırda dünyanın aparıcı mediasının, habelə ictimaiyyətin diqqəti Bakıya istiqamətlənib.

Politoloq Elxan Mehdiyev bildirib ki, ABŞ və Rusiya arasında bir sıra istiqamətlərdə çoxlu problemlər mövcuddur. Onun fikrincə, Ukrayna hadisələrindən sonra NATO-Rusiya münasibətləri, habelə Amerika-Rusiya ikitərəfli əlaqələri gərginləşib: “Eyni zamanda NATO qüvvələrinin Şərqi Avropa ölkələrinə yerləşdirilməsi, həmçinin Suriyaya görə arada çoxlu problemlər mövcuddur. Bütün bu səbəblərdən tərəflər arasında gərginlik müşahidə edilir. Donald Trampın prezidebntliyə gəlməsindən sonra da gərgin durum aradan qalxmayıb”.

Politoloq qeyd edib ki, əvvəllər NATO Rusiya ilə hərbi əməkdaşlığa və görüşlərə embarqo qoymuşdu: “Beləcə arada mövcud olan isti əlaqələr də pozulmuşdu. İndi yeni bir vəziyyət odur ki, neçə ildən sonra Rusiya və ABŞ qərargah rəisləri arasında görüş keçirilir. Üstəlik bu görüş Bakıda baş tutur. Mən bunu yeni situasiya kimi qiymətləndirirəm. Əlbəttə, görüşün nəticəsində razılaşmaların olub-olmayacağını biz deyə bilmərik. Çünki bu tərəflər arasında müzakirə edilən məsələlərdir”.

Elxan Mehdiyev əlavə edib ki, belə bir mühüm görüşün Bakıda keçirilməsi sürpriz hadisədir: “Bəllidir ki, Rusiyaya qarşı sanksiyalar var. Bu sanksiyalar bir sıra rusiyalı hərbçiləri də əhatə edir. Bəzi məlumatlara görə, general Gerasimovun adı da sanksiya tətbiq olunan şəxslər sırasındadır. Ancaq görüş üçün Bakının seçilməsi hamı üçün gözlənilməz oldu. Səhv etmirəmsə, Gerasimov ilk dəfədir ki, Bakıya gəlir. Amma general Cozef Danford mən bildiyim qədər regiona səfər edib, sabah isə Türkiyəyə gedəcək. Ola bilsin ki, oradan da Əfqanıstana və digər ölkələrə keçəcək. Hesab edirəm ki, həm Rusiya, həm də Amerika üçün görüşün Bakıda keçirilməsi uyğun olub. Bildiyiniz kimi digər ölkələrdə də bu görüş keçirilə bilərdi. Amma Ukrayna və Belarusdan vəziyyət bir qədər fərqlidir. Orta Asiyada həmçinin. Məkan kimi tərəflərə Bakı daha uyğun gəlir”.

Politoloq hesab edir ki, bu görüşün Bakıda keçirilməsi faktiki olaraq Azərbaycan üçün qazancdır: “Əlbəttə, yaxşı imic baxımından bunun faydası var. O mənadakı bu cür əhəmiyyətli görüş Bakıda baş tutur. Azərbaycanın suverenliyi və onun səsinin eşidilməsi baxımından bunun faydası var”.

Cavad


Müəllif:

Oxşar xəbərlər