Fevralın 20-də Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrrorçu rejim tərəfindən “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsi planlaşdırılır. Məlumata görə, qondarma rejimin “referendum”u əsasən, “prezident institutu”nun gücləndirilməsinə xidmət edəcək.
Qondarma referendumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu təxribatçı addımın, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlərinin İrəvanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərdiyi vurğulanır: “Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, “fait accompli” vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Dövlət İdarəçilik Akademiyasının Geosiyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov da Teleqraf.com-a bildirib ki, Ermənistan dövlətinin işğal və təcavüz nəticəsində yaratdığı separatçı bir rejimdə qondarma referendumun keçirilməsi beynəlxalq hüquq prinsiplərinin bilavasitə kobud şəkildə pozulması deməkdir. Onun sözlərinə görə, belə bir “referendum”un keçirilməsi Ermənistan dövlətinin növbəti təxribatçı addımıdır və əslində Ermənistanın münaqişənin heç bir halda siyasi həllində maraqlı olmadığını təsdiqləyir: “Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək, beynəlxalq ictimai fikri çaşdırmaq istəyir. İrəvan belə bir fon yaradır ki, guya o, danışıqlarda maraqlıdır. Amma atdığı bütün addımlar, eyni zamanda qondarma rejimdə keçirmək istədiyi qondarma referendum rəsmi İrəvanın əsl xislətini, əsl mahiyyətini bir daha ortaya qoyur. Hesab edirəm ki, belə bir “referendum” keçirilərsə bu, onsuz da dalana dirənmiş danışıqlar prosesinə arxadan vurulmuş növbəti zərbə olacaq”.
E.Nəsirov daha sonra deyib: “Bizi ən çox narahat edən odur ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu Ermənistanın bu təxribatçı hərəkətlərini müşahidəçi statusunda izləyir. Bununla bağlı Ermənistana təsir edə biləcək heç bir əməli təsir mexanizmlərini işlək vəziyyətə gətirmir. Sanki kənardan prosesləri izləyir. Bu isə Ermənistanda arxayınçılıq yaradır və təcavüzkar regionda sülh və təhlükəsizliyə yönəlmiş siyasətini bundan sonra da davam etdirir”.
Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar postsovet məkanındakı analoji münaqişələrlə bağlı tamamilə fərqli davranış nümayiş etdirirlər: “Məsələn, Cənubi Osetiyada qondarma referendum keçirilməsi perspektivi ilə bağlı ABŞ-ın Gürcüstandakı səfirliyi dərhal reaksiya verib. ABŞ-ın Gürcüstandakı səfiri bu hadisəni indidən pisləməyə başlayıb və Amerikanın bu prosesin əleyhinə olduğunu açıq şəkildə ifadə edib. Amma təəssüf ki, biz bu yanaşma tərzini qondarma Dağlıq Qarabağ rejiminin keçirməyə hazırlaşdığı “referendum”a münasibətdə görmürük. Bu, birbaşa ikili standartların nəticəsidir. Hesab edirəm ki, əgər ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar, Ermənistana himayədarlıq edən tərəflər kənar müşahidəçi statusunda bu məsələni izləyərlərsə, bu məsələyə sönük reaksiya verərlərsə, bu, regionda proseslərin heç kimin arzulamadığı istiqamətdə cərəyan etməsinə gətirib çıxara və hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Bu halda danışıqlar öz mahiyyətini itirər və danışıqların alternativi olan variantlar ön plana keçə bilər. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar doğrudanmı hadisələrin məhz bu istiqamətdə inkişafında maraqlıdır?! Hesab edirəm ki, yox. Əgər belədirsə, o zaman nədən bu hadisəyə münasibətdə susqun davranış tərzi nümayiş etdirirlər? Bu da bir daha ikili standartların birbaşa təsdiqidir. Hesab edirəm ki, əgər qondarma referendumla bağlı beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, xüsusilə həmsədr dövlətlər qətiyyətli mövqe, siyasi iradə ortaya qoymasalar o zaman bundan sonra baş verə biləcək hadisələrə görə məsuliyyət ilk növbədə Ermənistanın və Ermənistana himayədarlıq edən tərəflərin, eyni zamanda beynəlxalq ictimaiyyətin və konkret desək ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Bu halda Azərbaycan heç bir məsuliyyət daşımayacaq”.
Səxavət HƏMİD