Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martda Bakıya gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ilk dəfə Qlobal Bakı Forumuna qatılan şahzadə Turki əl-Faysalın forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.
23 il Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə rəhbərlik etmiş Turki əl-Faysal 1979-cu ildə Məkkənin terrorçulardan azad olunması istiqamətində ölkəsinin apardığı çətin və irimiyqaslı əks-kəşfiyyat əməliyyatlarında iştirak edib. Üsamə bin Laden, “Taliban” lideri Molla Məhəmməd Ömərlə dəfələrlə görüşərək danışıqlar aparmış Turki əl-Faysal Səudiyyə Ərəbistanının ABŞ və Böyük Britaniyada səfiri olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumu martın 16-17-də baş tutacaq. Tədbirdə 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçılarının, baş nazirlərin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxslərin, tanınmış siyasətçilərin, ekspertlərin iştirakı gözlənilir.
Səxavət