17 Fevral 2017 16:07
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsidir. Amma onların hüquqlarının daha artıq diqqətə və müdafiəyə ehtiyacı var.

Ölkəmizdə aparılan sosial, hüquqi islahatlar nəticəsində uşaq hüquqlarının müdafiəsi də dövlət siyasətinin tərkib hissəsi olub. Keçən dövr ərzində davamlı olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir.

Hər il iyun ayının 1-i bütün dünyada “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. BMT uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaq problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir.

Ölkəmiz uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulub. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də “Uşaq hüquqları haqqında Konvensiya” qəbul edib.

Qeyd edək ki, hər il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsü irəli sürülüb.

Hüquqlar və Milli Uşaq Strategiyası

Uşaq hüquqlarının təmin edilməsi, onların poblemlərinin həlli həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, 2009-cu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Uşaq ili” elan edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbəri olduğu Komitənin kollegiya iclasında çıxışı zaman bildirib ki, Milli Uşaq Strategiyası hazırlanaraq rəy üçün Nazirlər Kabinetinə təqdim olunub, Uşaq Məcəlləsinin hazırlanması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nazirlər Kabinetinə təqdim etdiyi Milli Uşaq Strategiyası 2015-2025-ci illəri əhatə edəcək.

Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyir ki, Milli Uşaq Strategiyası Azərbaycan prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının müvafiq bəndinə uyğun olaraq hazırlanıb: “Milli Uşaq Strategiyası yaxın 10 il müddətinə Azərbaycanda dövlət uşaq siyasətinin prioritetini təşkil edəcək. Strategiyanın hazırlanmasında əsas məqsəd dövlət uşaq siyasətini daha sistemli həyata keçirmək, eləcə də uşaqların hüquqlarının müdafiəsi mexanizminin hazırkı imkanlarından istifadə edərək onların hüquqlarının tam olaraq müdafiəsini təmin etməkdir.

Strategiyada uşaqların mədəni-estetik tərbiyəsinin təşkili, onların inkişafı məsələləri əks olunub. Habelə Strategiya zorakılığa məruz qalan, erkən nikaha sövq edilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı gələcəkdə konkret tədbirləri müəyyənləşdirir, problemlərin həlli yollarını göstərir. Eyni zamanda, Strategiyada uşaq evlərini tərk edən uşaqların sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasında kompleks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Xüsusilə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı əhatəli məsələlər burada öz əksini tapıb. Onların müvafiq ibbi, təhsil, sosial, hüquqi xidmətlərlə tam təmin olunmasının həll yolları göstərilir”.

Komitənin nümayəndəsi qeyd edib ki, Milli Uşaq Strategiyası uşaq müdafiəsi sistemini daha da təkmilləşdirəcək: “Ümumi götürəndə uşaqlarla bağlı problemli sahələrin hamısı Strategiyada qeyd olunub. Bu bir strateji sənəddir. Gələcəkdə uşaqlarla bağlı hazırlanacaq tədbirlər planı, dövlət proqramları Strategiyaya əsaslanacaq. Strategiya qeyd etdiyim məsələlərdə açar rolunu oynayacaq”.

Dövlət Komitəsinin uşaq siyasəti


Dövlət uşaq siyasətinin həyata keçirilməsi istiqamətində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların hüquqlarını və mənafelərinin müdafiəsini təmin edir. Komitə valideyn himayəsindən məhrum, eləcə də övladlığa götürülən uşaqların ümumi uçotunu aparır, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verir, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirlər həyata keçirir, uşaqlara qarşı zorakılığın, erkən nikah hallarının, təhsildən yayınmanın, uşaq əməyinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” hazırlanıb. Elektron məlumat bankına mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən uşaqlar barəsində müvafiq məlumatlar elektron formada daxil edilir. Eyni zamanda bütün regionlarda məişət zorakılığı ilə bağlı monitorinq komissiyaları fəaliyyət göstərir və təcili preventiv tədbirlər həyata keçirir.

Uşaq hüquqlarının müdafiəsi məqsədilə Dövlət Komitəsi tərəfərindən mühüm layihələr reallaşdırılır, təhsil müəssisələrində təlim və treninqlər təşkil edilir. Uşaqların inkişafında, hüquqi və intellektual biliklərə yiyələnməsində Ümumrespublika Uşaq Forumlarının da rolu boyükdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən (2009, 2011, 2014) bu forumlar uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin edir.

Belə silsilə tədbirlər sırasında “İstedadlı uşaqlar festivalı” da özünəməxsus yer tutur. Festival zamanı elm, təhsil, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, ölkəmizin adını ucalara qaldırmış, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılır.

Uşaq hüquqları klinikası və 3600 zəng...

Uşaq “qaynar xətti”nin layihə rəhbəri Ruhanə Əhmədova deyir ki, 2016-ci ildə Uşaq “qaynar xətti”nə 3600 zəng gəlib: “Uşaq “qaynar xətti” 2010-cu ildən fəaliyyət göstərir və bu illər ərzində 20 minə yaxın zəng qəbul edilib. Müraciətlər müxtəlif yaş qrupları arasında olur. Daha çox azyaşlı uşaq və yeniyetmələr müraciət edir ki, onların arasında da 9-16 yaşlılar üstünlük təşkil edir.

Daha çox ailə daxili problemlər, imtahan qabağı stress, tənhalıq, təhsil, zorakılıqla bağlı müraciətlər edirlər. “Qaynar xətt”ə zəng daxil olan zaman operatorlar tərəfindən həmin zəng digər xidmət sahələrinə yönləndirilir.

Uşaq hüquqları klinikası, Uşaq və Gənclər üçün sosial reabilitasiya mərkəzində cinayətə meylli, təhsildən yayınan uşaqlarla psixoloq və sosial işçilər məşğul olur. Reabilitasiya müddəti 4-6 aydır. Hansı uşaq həmin müddət çərçivəsində problemi həll edilmirsə, biz onunla 1-2 il mütəmadi məşğul oluruq və uşağı daim nəzarət altında saxlayırıq”.

Layihə rəhbəri deyir ki, telefonda köməklik istəyən uşaqlara da yardım göstərilir: “Psixoloji problemi olan uşaq telefonda danışmaq istəyirsə, psixoloq və sosial işçi onunla təmasa girir. Onlar uşağın digər problemini öyrəndikdə reabitasiya mərkəzlərimizə yönəldirlər”.

Ruhanə Əhmədova bildirib ki, Gəncədə regional uşaq “qaynar xətt”i fəaliyyət göstərir: “Həmin mərkəzə də müraciətlər daxil olur. Gəncə və ətrafı rayonlardan - Qazax, Tovuz, Şəmkirdən indiyədək 900-ə yaxın zəng daxil olub”.

“Bəzi ölkələrdə heç uşaq haqqında düşünmürlər”

Millət vəkili Məlahət İbrahimqızı deyir ki, Azərbaycanda uşaqların hüquqları yüksək səviyyədə qorunur: “Azərbaycan vətəndaşları övlada, uşağa böyük dəyər verirlər. Bəzi ölkələrdə heç uşaq haqqında düşünmürlər. Ailə qururlar, uşaq haqqında düşünmürlər”.

Məlahət İbrahimqızı bildirib ki, Milli Məclisdə uşaq hüquqları ilə bağlı çoxlu sayda qanunlar qəbul olunub: “Ölkəmiz uşaq hüquqları haqqında konvensiyaya qoşulan ilk ölkələrdəndir. Konvensiya əsasında uşaq hüquqlarına uyğun onlarla qərarlar qəbul edilib. Fiziki məhdudiyyəti olan, qaçqın düşən, yaradıcı uşaqlar, istedadlı uşaqlar, bir sözlə bütün uşaqlara görə Milli Məclisin qanunvericiliyində xüsusi qanunlar qəbul edilib”.

Uşaq hüquqları ilə bağlı yeni bir qurumun yaranmasına ehtiyac varmı? Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli deyir ki, istər uşağa, istərsə anaya qarşı hər hansı zorakılıq faktı olduqda onun hüququ pozulmuş sayılır: “Qanunların icra olunması üçün mexanizmlərin işlənməsi aktivləşdirilməlidir. Yəni mövcud qurumların fəaliyyətini təkminləşdirməyə və aktivləşdirməyə ehtiyac vardır. Bu işlər görülərsə, uşaq hüquqları ilə bağlı yeni bir qurumun yaranmasına ehtiyac qalmayacaq”.

Vasif Akiflinin sözlərinə görə, Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı aparılan araşdırmalarda hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir: “Yetkinlik yasina çatmayanlarla üzrə sahə müvəkkiləri hər zaman operativ şəkildə bizimlə əməkdaşlıq edirlər. Qeydiyyat və şikayət məsələləri üzrə də hər zaman Daxili İşlər Nazirliyinin polis bölmələri ilə birgə işləyirik.

Bəzən İcra Hakimiyyəti yanında qəyyum himayə komissiyası ilə problemlər yaşanır. Amma biz hər birimiz uşaqların hüquqlarını qorumalıyıq”.

Sonda qeyd etməliyik ki, bu gün ölkəmizdə uşaq hüquqları yüksək səviyyədə təmin olunur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlar dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunublar. Onların Vətənə layiqli vətəndaş kimi böyüməsi, vətənpərvər ruhda tərbiyə olunması, cəmiyyətdə öz yerlərini tutmaları üçün hər cür şərait yaradılıb. Uşaqların hüquqlarını qorumaq əslində elə onların özlərini qorumaq deməkdir. Onlar isə hər bir ölkənin, hər bir xalqın gələcəyidir...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər