Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Kreml divarları önündə “Naməlum əsgər”in abidəsi önünə əklil qoyub, onların xatirəsini yad edib. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Rusiya Federasiyası hökuməti sədrinin müavini, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.
Görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb və bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi diqqətə çatdırılıb.
Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olunub. İki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş əsnasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səxavət