18 Mart 2017 17:05
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev martın 12-də Fransaya rəsmi səfər edib.

Dövlət başçısı martın 13-də Parisdə bir çox şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Həmin gün İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Martın 14-də isə Prezident İlham Əliyevin Parisdə rəsmi qarılanma mərasimi keçirilib.

Prezident İlham Əliyev həmin gün Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Klod Bartolon və Fransa Prezidenti Fransua Ollandla görüşüb. Daha sonra iki ölkə prezidentinin iştirakı ilə məsul şəxslər tərəfindən müxtəlif sahələri əhatə edən 5 sənəd imzalanıb.

Azərbaycan Prezidentinin Fransaya səfərini Teleqraf.com-a şərh edən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu səfər hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı: “Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri elə budur. Çünki siyasi dialoqun yüksək səviyyədə olması digər bütün əlaqələr üçün açar rolunu oynayır”.

Hikmət Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyev Avropanın aparıcı ölkələrindən və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz: “Düşünürəm ki, səfərin ikinci mühüm məqamı bundan ibarətdir.

Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan Prezident Minsk qrupuna həmsədr olan üç ölkə prezidentlərinin status-kvonun qəbuledilməzliyinə dair bir neçə dəfə dedikləri fikri xatırlatdı. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.

Deputat bildirib ki, bundan əlavə, səfər zamanı iki ölkə arasında iqtisadi müstəvidə olduqca yaxşı perspektivlərin olduğu və bunun hər iki ölkəyə dividentlər qazandıracağı ilə bağlı müzakirələr aparılıb: “Prezident İlham Əliyevin Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi. Təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və sair sahələrdə də mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi.

Qeyd etmək lazımdır ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlar üzrə saxələnməsi üçün yeni əsaslar yaratdı. Bu da hər iki ölkənin milli maraqlarına cavab verir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər