"Rəsmi Minsk nə Azərbaycan, nə də Ermənistanla blogger Aleksandr Lapşinin ekstradisiyası da daxil olmaqla heç bir məsələdə mübahisə etmək istəmir. Belarus və Ermənistan xalqları yaxın olublar və bu, indi də belədir. Ermənistan Azərbaycana fərqli münasibət bəsləyir, ancaq biz azərbaycanlılarla da yaxınıq. Biz niyə görə Azərbaycan və ya Ermənistanla mübahisə etməliyik? Ola bilsin ki, nə vaxtsa biz Azərbaycan və Ermənistana lazım olacağıq. Ona görə də mən niyə bu məsələyə müdaxilə etməliyəm?"
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Ermənistanın Minskdəki səfiri Armen Xaçaturyanla görüşündə deyib.
O, Lapşinin Azərbaycana ekstradisiyasından sonra Ermənistanın səsləndirdiyi ittihamlardan danışıb:
"Lapşini xatırlayırsız. Qulaq asın, Ermənistanın bura nə dəxli var? Ermənistan Lapşinlə bağlı mənə heç vaxt heç nə deməyib. O, Azərbaycan tərəfindən axtarışa verilmişdi. Biz qanuni yolla davrandıq. Lapşini kimə verməliydik? Onu axtarışa verən tərəfə təhvil verdik.
Sonra isə bu məsələdən siyasi kart kimi istifadə etməyə başladılar. Lapşin 3 ölkənin vətəndaşıdır - heç bir ölkə ona iddia etmirdi. Hər kəs bu məsələni özünə uyğun formada təqdim etdi".
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib. Lapşin 2016-cı ilin dekabrında Azərbaycana ekstradisiya edilib.
Samir