“REAL-la həm AXCP, həm də Müsavat arasında məsafə eynidir”
“Milli Şura tərəfindən REAL-a aksiyada birgə iştirakla bağlı hər hansı müraciət və ya təklif etməyib. Belə bir təklif və bizim müvafiq qərarımız da mövcud olmadığından REAL təşkilat olaraq Milli Şuranın mitinqində iştirak etməyəcək”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı təmsil etdiyi təşkilatın Milli Şuranın aprelin 8-də keçirməyi planlaşdırdığı aksiyaya qoşulub-qoşulmayacağına dair sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, aksiya təşkil etmək hər kəsin hüququdur: “İstərdik ki, Milli Şuranın aksiyasına düşündüyümüzdən çox adam qatılsın. Sıravi üzvlərimiz arasında Milli Şuranın aksiyasına qoşulanların monitorinqi keçirilməyib. Əslində belə bir monitorinq keçirilməsi də yanlış olardı. Bu REAL-ın deyil, başqa siyasi təşkilatın tədbiridir, ona görə də sadə REAL-çıların aksiyaya münasibətini söyləyə bilməyəcəyəm”.
Azər Qasımlı Milli Şura tərəfindən REAL-a qarşı aqressiyanın olmasına dair sosial şəbəkələrdəki müzakirələrə də münasibət bildirib: “Kimlərsə hansısa aqressiyanı görürsə, ola bilsin bu, aqressiya üçün zəmin yaranıb və bunun şahidi olublar. Şəxsən bizim kimlərəsə, o cümlədən Milli Şuraya qarşı aqressiyamız yoxdur. Ara-sıra REAL-a qarşı aqressiyanı mən də görürəm. Deməzdim ki, sırf Milli Şura tərəfindən aqressiyadır. Hərdən olur ki, Milli Şura və digər siyasi təşkilatların üzvləri xoşagəlməz və yanlış fikirlər səsləndirir. Amma biz bunu Milli Şuranın və ya hansısa başqa partiyanın ümumən bizə olan mövqeyi kimi qəbul etmirik”.
O, bir müddət öncə Müsavat Partiyası ilə REAL arasında aparılan danışıqlara da toxunub: “Bizim Milli Şura, AXCP ilə münasibətlərimiz hansısa səviyyədədirsə, Müsavatla da eyni səviyyədədir. REAL-la hər iki təşkilat arasında məsafə eynidir. Normal, insani münasibətlərimiz var, amma ortada siyasi əməkdaşlıq yoxdur”.
Nərgiz