Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı nazirliyin yerli qurumlarının əməkdaşlarının fermerlərə verdiyi tövsiyələr əsasında bu günə qədər unlu şeh xəstəliyinə qarşı 465 hektar, fındıq uzunburun böcəyinə qarşı isə 231 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Kimyəvi mübarizə zamanı kükürd, tiovit-djet və topaz fungisidlərindən istifadə olunub.
Məlumat üçün bildirək ki, unlu şeh xəstəliyini “Phyllactinia guttata” göbələyi törədir. Göbələk bitkilərin yarapaqlarını zədələyir və una oxşar örtük əmələ gətirir. Unlu şeh xəstəliyinə tutulmuş yarpaqlar saralıb quruyur və vaxtsız tökülür, bitkinin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür və keyfiyyəti pisləşir.
Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti hava şəraitinin əlverişli olduğunu nəzərə alaraq, fermerlər tərəfindən fındıq bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə tədbirlərinin davam etdirilməsini məqsədəuyğun hesab edir.