4 İyul 2017 16:21
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Hətəmoğlu Məmmədov “Borçalı” İctimai Birliyindən istefa verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bunu səhhəti ilə əlaqələndirib və elmi fəaliyyətinə daha çox zaman ayıracağını qeyd edib.

Kərəm Məmmədov 1 il öncə “Borçalı” İctimai Birliyinin konfransında ona səs verib sədr seçənlərə göstərdikləri etimada görə dərin təşəkkür edib: “Bütün şüurlu ömrümü həsr etdiyim elmi-pedoqoji fəaliyyətim, üzərində çalışdığım “Borçalı orta əsrlərdə” mövzusundakı doktorluq dissertasiyam, “Borçalı tarixi” adlı monoqrafiyanın və “Türk xalqlarının etnoqrafiyası” adlı dərsliyin hazırlanması daha çox zaman tələb etdiyindən və səhhətimdə yaranan problemlərlə bağlı “Borçalı” İctimai Birliyinə bundan sonra rəhbərlik edə bilməyəcəyimi diqqətinizə çatdırır və Birliyin sədri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm. Sədrlikdən obyektiv və subyektiv səbəblərə görə istefa verməyimə baxmayaraq, bundan sonra da “Borçalı” İctimai Birliyinin bütün işlərində əlimdən gələn köməyi əsirgəməyəcəyimi bəyan edirəm”.

Onun sözlərinə görə, Borçalıdakı soydaşlarımızın etnik kimliklərinin qorunub saxlanmasında, Avroatlantik məkana inteqrasiya etməkdə olan Gürcüstan cəmiyyətinin tam hüquqlu vətəndaşlarına çevrilmələrində əsas hədəf təhsil olmalıdır: “Bir il ərzində obyektiv və subyektiv səbəblər üzündən düşündüklərimizin hamısını həyata keçirə bilməsək də, soydaşlarımızın problemlərinə biganə qalmayan Azərbaycan vətəndaşlarının, ziyalıların və dövlət rəsmilərinin yaxından köməyi ilə bir sıra addımlar ata bildik. Keçən ilin yayında Sadaxlı və Sarvan El Bayramlarında yaxından iştirak etdik, Respublikamızın dəyərli ziyalılarının iştirakı ilə soydaşlarımızın təhsil problemləri ilə bağlı dəyirmi masa təşkil etdik, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımız üçün Azərbaycan dövlətinin dəstəyi ilə xeyli dərs vəsaiti və bədii ədəbiyyat göndərilməsinə nail olduq. Azərbaycanımızın tanınmış tarixçiləri və siyasətçilərinin də iştirak etdikləri növbəti dəyirmi masa gürcüstanlı soydaşlarımızın Azərbaycanın milli-mənəvi dəyərlərinin zənginləşməsindəki xidmətlərinə həsr olundu, İH-nin üzvləri ilə birlikdə 20 Yanvar, Xocalı, 31 Mart şəhidlərini anma mərasimlərində, Gürcüstanda keçirilən Novruz bayramı tədbirlərində fəal iştirak etdik. Novruz bayramı günlərində Borçalı ziyalıları ilə görüş keçirib,onları maraqlandıran sualları cavablandırdıq.

Hesab edirəm ki, təkcə idarə heyətində təmsil olunub-olunmamasından asılı olmayaraq, bəzi soydaşlarımızın ümumi işlərə olan biganəliyi və mənəm-mənəmlik iddiaları olmasaydı daha böyük işlər görə bilərdik. Biz - Borçalının aydınları həmişə həyəcan təbili çalaraq bildirmişik ki, Borçalı elə bir strateji məkandır ki, burada dünyanın bütün güc mərkəzlərinin ideoloqları, siyasətçiləri milli azlıqların hissləri ilə oynayır, Qafqaz xalqları arasında etimadsızlıq, milli ayrıseçkilik toxumları səpirlər. Çox təəssüflər olsun ki, onlar bu əməllərini bəzən həyata keçirməyə də nail olurlar. 2016-cı ildə yenidən saflaşdırmağa, durultmağa çalışdığımız Birlik bacardığı qədər bu bəd əməllərin qarşısını almağa çalışdı”.

Onun fikrincə, ictimai təşkilatın sədri olmaq hər hansı zənginlik və firavanlıq mənbəyi ola bilməz:

“Reallıq budur ki, maddi dayaqları zəif, yaxud heç olmayan ictimai təşkilatın fəaliyyəti güclü ola bilməz. Əziz eloğlularım, Borçalı təkcə “Borçalı” İctimai Birliyinin təsisçilərinin, Birliyin sədrinin deyil. Hamımız bu elin oğluyuq, onun suyunu içib, havasını udmuşuq. Borçalıya ancaq dünyadan köçmüşlərimizin baş daşlarının tozunu silmək üçün yox, orada yaşayan soydaşlarımızın dərdlərinə şərik olub, onların qayğısına qalmaq, ulularımızın ruhları dolaşan o müqəddəs torpaqlara ancaq kef məclisləri açmaq üçün yox, o yurda can vermək üçün getməliyik. “Borçalı” İctimai Birliyinin fəaliyyətini daha da canlandırmaq üçün gəncləri bu işə qoşulmağa çağırır, eyni zamanda Borçalımızın adını daşıyan ictimai birlik yaratdıqlarına görə İctimai Birliyin indi həyatda olan təsisçilərinə dərin təşəkkürümü bildirir, dünyasını dəyişənlərə isə Ulu Tanrıdan rəhmət diləyirəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər