8 İyul 2017 12:18
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda tələbənin qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

İyulun 3-də meyit tapılandan sonra ilkin olaraq Samir Mehdiyevin qətlə yetirildiyi bildirilsə də, sonradan onun avtomobillə vurulması barədə məlumat yayılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

Bu səbəbdən istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən edilib.

Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Bildirilir ki, tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.

Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.

İstintaqa ifadə verən şübhəli şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263 və 264-cü maddələri ilə başlanan cinayət işi həmin məcəllənin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər