“Mənim siyasi bioqrafiyamda heç bir ləkə yoxdur. Siyasi bioqrafiyasında qara ləkə olanlar təlaş keçirməlidirlər və düşünməlidirlər ki, mübarizəni ancaq ləyaqət çərçivəsində aparmaq lazımdır”.
Bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.
S. Əlisoy Müsavat başqanlığına namizədliyini irəli sürəcəyini təkrarlayıb. Onun sözlərinə görə, bütün partiyalarda olduğu kimi, Müsavatda da bəzi fərdlər var ki, digərlərinə qısqanclıq edirlər: “Bir qrup partiya üzvü var ki, onlar həmişə bir komandada olmaq istəyirlər. Elə hesab edirlər ki, başqan da onların təmsil olunduğu komandadan seçilməlidir. Bu bir xəyaldır, uzağa getməyən düşüncədir. Bu tip insanlar siyasətdə hər zaman olub və olacaq. Onların heç vaxt öz mövqeyi olmayacaq və hər zaman kiminsə mövqeyi, diktəsi altında hərəkət edəcəklər. Mən öz mövqeyimi hər zaman sərbəst şəkildə bildirmişəm. Ümumiyyətlə, bolşevik şüarları səsləndirmək demokratiyaya, müsavatçılığa yaraşan hərəkət deyil. Partiyanın hər bir üzvünün seçkili orqanlarda iştirak etmək haqqı var. Bu gün bəziləri elə bilirlər çox güclüdürlər, ancaq biz seçkilərdə onların gücünün hara qədər olduğunu isbat edəcəyik”.
S. Əlisoy partiyanın bəzi funksionerlərinin parlament seçkilərinə qədər qurultayın təxirə salınması barədə səsləndirdiyi fikirlərlə razılaşmayıb: “Qurultayın təxirə salınmasından söhbət gedə bilməz. Mən inanıram ki, qurultay keçirildikdən sonra yenilənmiş Müsavat ortaya çıxacaq və yenilənmiş Müsavatın gücü bugünkü Müsavatdan qat-qat artıq olacaq”.
/APA/