“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun biznes ortağı Şücayət Əkbərov həbs edilib.
Teleqraf.com xəbər verir ki, Şücayət Əkbərov Arif Alışanovun əmlakını ələ keçirmək məqsədi ilə onu öldümrəyə cəhd etməkdə təqsirləndirilir.
Şücayət Əkbərov 2017-ci ilin yanvar ayında həbs edilib. O, həm də AZTV sədrinə qarşı dələduzluq etməkdə ittiham edilir. İttihama görə, Əkbərov Alışanovun 4 milyon 641 min manatlıq əmlakını ələ keçirib.
Şücayət Əkbərov bu ittihamların hər ikisini rədd edib.
Şücayət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova isə əmlaklarının zorla əllərindən alınması ilə əlaqədar məhkəmədə iddia qaldırıb.
O, qeyd edib ki, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib. İddia ərizəsinə görə, keçmiş əri Şücayət Əkbərov həbs edildikdən 2 gün sonra Səlimə Sadıqovanın əmlakı onun əlindən alınıb.
İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Ramil Quliyev baxır. Cavabdeh qismində isə AzTV sədrinin bacısı qızı Nilüfər Cəfərova və Arif Alışanovun işçisi Camal Nəbiyev tanınıb.
Nərimanov rayon məhkəməsi mübahisə predmeti olan əmlakların üzərinə həbs qoyub. Qərardan apelyasiya şikayəti verilib.
Məhkəmənin hazırlıq iclasında hakim iddianı təmin etmə tədbiri kimi, mübahisəli əmlakın (Səlimə Sadıqovanın əlindən zorla alınaraq Alışanovun bacısı qızının mülkiyyətinə keçirildiyini iddia etdiyi əmlak) üzərinə həbs qoyulması haqda qərardad çıxarıb. Cavabdeh tərəf bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsində iddiaya baxılması apelyasiya şikayətinin nəticəsi bəlli olana qədər təxirə salınıb.
Cavabdeh tərəfin nümayəndəsi bir sıra məhkəmə işlərində, o cümlədən telejurnalist Qulu Məhərrəmli ilə çəkişmədə şəxsən Arif Alışanovun vəkili olan Zaur Abbasovdur.
İddiaçı bildirir ki, dörd müqavilənin hamısı formal bağlanıb, əslində, həmin əmlaklar əvəzsiz olaraq, Arif Alışanovun mülkiyyətinə verilib.
Səlimə Sadıqova baş etibarnamənin ona qanunsuz yolla imzalatdırıldığını vurğulayaraq, etibarsız hesab olunmasını, onun əsasında bağlanmış alqı-satqı müqavilələrinin də ləğv olunmasını məhkəmədən xahiş edib.
Qarşı tərəf isə iddiada göstərilənlərlə razılaşmır. Bildirir ki, Sadıqova könüllü şəkildə etibarnaməni imzalayıb, əmlaklar da qanuna uyğun şəkildə özgəninkiləşdirilib.