2 Noyabr 2017 11:00
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Bakı metrosunda qatarların hərəkətində yaranan problemlərin sayı artıb. Bu isə şəhər sakinləri arasında narazılığa səbəb olur. Gecikmələr çox vaxt insanların metrodan istifadə etdiyi pik saatlara təsadüf edir.

Bu gün səhər saatlarında da metronun "Həzi Aslanov" stansiyasında bu cür hal yaşanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a açıqlamasında bildirib ki, bu gün səhər saat 08:04-də "Həzi Aslanov" stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki nasazlıq yaranıb: “Həmin qatar xətdən çıxarılıb, baxış keçirilib yenidən xəttə buraxıldı. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yarandı. Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarıldığı üçün interval pozuldu və təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmadı. Saat 8:30-dan etibarən isə artıq biz qatarları qəbul edə bildik”.

Nəsimi Paşayev həmçinin deyib ki, 2014-2106-cı illərə nəzər salsaq bu il gecikmələrin sayında 4 dəfə azalma müşahidə olunur: “Düzdür, son günlər ərzində 2 dəfə ard-arda bu cür texniki problem yaşandı. Ola bilsin, bu, sərnişinlər arasında narazılığa səbəb olur. Biz onları başa düşürük, ancaq bu, əsas vermir ki, metro qatarlarında hər gün nasazlıq yaranır kimi fikirlər populyarlaşsın”.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər