Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.
İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş zəlzələ ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı verib və 14 noyabrı ölkədə matəm günü elan edib.
İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib ki, bütün imkanlar ölkənin qərb əyalətində baş vermiş zəlzələdən əziyyət çəkən əhaliyə yardım üçün səfərbər olunub. Ə.Rəhmani Fəzli itkin düşmüş şəxslərin tapılması istiqamətində işlərin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.
O deyib ki, hadisə yerinə içməli su, qida və çadır çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Kermanşah əyalətində su və elektrik enerjisinin verilməsi bərpa olunub. Əyalətdə baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin hesablamalara görə, zəlzələnin əyalətə vurduğu zərər 290 milyon dollar təşkil edir. Bundan öncə Kermanşah əyalətində 3 günlük matəm elan olunub.
Xatırladaq ki, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445 nəfərə çatıb./APA/