Goranboyun Aşağı Ağcakənd qəsəbəsində top mərmiləri və əlqumbarası aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.
Agentlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2 ədəd mərminin və 1 ədəd əlqumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-5M və OF-32) və 1 ədəd köhnə model əlqumbarası) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.