ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı başsağlığı verib.
Teleqraf.com-un xəbər verir ki, səfirliyin bəyanatında Narkoloji Mərkəzdə baş verən faciənin Birləşmiş Ştatların Bakıdakı səfirliyini dərindən kədərləndirdiyi qeyd olunub.
“Birləşmiş Ştatlarının xalqı adından biz qurbanların ailə və dostlarına başsağlığı verir və zərərçəkənlərin mümkün qədər tez sağalmasını arzulayırıq”, - deyə səfirliyin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Korpusda olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfər isə yanaraq ölüb.
İlkin araşdırmalara görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.