9 Avqust 2014 16:24
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir".

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

İlham Əliyev vurğulayıb: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".

İ.Əliyev qeyd edib ki, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya bizim beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".

Ölkə başçısı bildirib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir: "Təkcə siyasi deyil, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verir. Xüsusilə əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Biz əməkdaşlıq potensialını, o cümlədən regional təhlükəsizliyi və regionumuzda sabitliyi artırmaqda qətiyyətliyik".

Azərbaycan Prezidenti Rusiyaya yenidən səfər etməkdən məmnun olduğunu dilə gətirib: “Sizinlə yenidən görüşmək, münasibətlərimizin çox geniş gündəliyini müzakirə etmək imkanına görə şadam.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısını salamlayaraq bunları deyib:

“Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik”.


Müəllif: