Daşkəsən rayonunda güclü leysan nəticəsində dağlardan gələn sel suları əsas yollardan olan Zazalı-Kollu-Çıraqlı avtomobil yolunda müəyyən hissələrdə asfalt-beton örtüyünün dağılmasına səbəb olub.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, gecə agentliyin əməkdaşları yolun açılması istiqamətində əraziyə cəlb olunub: “Hazırda gediş-gəliş bərpa olunub, amma işlər davam etdirilir. Güclü leysandan yolboyu problem var. Su keçidləri tutulub, nəticədə lilli-palçıqlı torpaq yollara tökülüb. Sel fəlakətinin miqyası böyükdür.
Gün ərzində yollarda işlərin yekunlaşması nəzərdə tutulur. Ziyan dəymiş əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası, o cümlədən qonşu rayonlardan texnika və canlı qüvvə göndərilib. “Azəravtoyol”un balansında olan körpülərdə problem yoxdur”.
Qeyd edək ki, Daşkəsən rayonunda güclü leysan bir sıra fəsadlar törədib.Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.