İsmayıllı rayonunda həyətlərə manyakın girməsi və sakinləri qorxutması haqda xəbərlər səngimir. Ötən gün isə İsmayıllı şəhər sakini 40 yaşlı Aftandil Gözəlov Rayon Mərkəzi Xəstəxanasına gələrək bildirib ki, axşam saatlarında evə gedərkən naməlum şəxs tərəfindən saxlanılaraq yaxınlıqda yerləşən çay kənarına zorla aparılıb və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilməklə döyülüb.
Amma polisə ifadəsində Aftandil Gözəlov sərxoş olduğunu bildirib.
Məlum olub ki, Aftandil yerdən tapdığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq özünə xəsarət yetirib.
Rayon polis şöbəsindən verilən məlumata görə DİN-nin "102" zəng mərkəzi sisteminə müxtəlif vətəndaşlar tərəfindən naməlum şəxs və ya şəxslər tərəfindən həyətyanı sahələrə, yaşayış evlərinə və binalarına daş atılması, narahatlıq yaratmaqla sakinlərin dincliyinin pozulması məzmununda məlumatlar daxil olub. Araşdırma zamanı məlumatlar həqiqəti əks etdirmədiyindən bir neçə rayon sakini barəsində tədbirlər görülüb.