9 Noyabr 2018 11:02
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirli bilinən Şahin Bədəlovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Şahin Bədəlovun apelyasiya şikayəti təmin olunmayıb.

Şahin Bədəlov apelyasiya şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində təyin etdiyi 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə razı deyil.

O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Qeyd edək ki, quldurluq hadisəsi Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.

Bakı şəhər sakini Sərdar Məmmədova məxsus mağazaya gələn naməlum şəxs onun 100 manatını alaraq hadisə yerindən qaçıb.

Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bədəlov tutulub.

Şahin Bədəlov Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər