Mingəçevirdə baş verən qəza nəticəsində yol polisi hamilə qadını və övladının həyatını xilas edib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.
Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən Mingəçevir rayonu ərazisində yol qəzasına düşüblər. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2 polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını deyiblər.
Hazırda ana və övladının vəziyyəti yaxşıdır.
12:53
Bakının Suraxanı rayonunda yeni ailə quran gənclər ölümdən xilas edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 2-də Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsinə Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi, ev 16, mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.
Hadisə yerinə yollanan bölmənin sahə inspektoru, polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər.
Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.
Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayselin halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər.
Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.
Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib.
Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər.
Toğrul Hidayətzadə onun və arvadının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi diplomla təltif edilib.