27 Avqust 2014 17:27
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqların aparılması həm Rusiya, həm Ukrayna üçün önəmli məsələdir”.

Bu fikirləri Teleqraf.com-a Putin və Poroşenko arasında bu gün keçirilən görüşü şərh edən politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, artıq Putin hiss etməyə başlayıb ki, həqiqətən Ukrayna siyasəti, Krımın ilhaqı Rusiyanın gələcəkdə köçüşünə qədər davam edə bilər:

“Ona görə də Putin bu məsələdə razılığını verib. Ancaq onu bu məsələyə təhrik edən həm Rusiyadaxili qüvvələr, həm də onun müttəfiqləri Qazaxıstan və Belarus amili də var. Çünki bu qüvvələr artıq hiss edir ki, sanksiyalar nəticəsində Rusiya ağır vəziyyətə düşə bilər və bu özünü Qazaxıstanda və Belarusda göstərə bilər. Başqa tərəfdən bu məsələdə dünya güc mərkəzləri, yəni Avropa Birliyi, eləcə də bu birliyə daxil olan assosiativ ölkələr maraqlıdır. Çünki Avropa ölkələri Ukraynadan ötrü zərrə qədər itkilərə məruz qalmaq istəmir. Eyni zamanda indiki şəraitdə Avropa Ukraynadan ötrü Rusiya qazından da imtina etmək istəmir. Ona görə ki, gələcəkdə Avropa ölkələrini enerji ilə təmin edəcək alternativ mənbələr hələ tapılmayıb. Bu zaman məsələsidir, ona görə də Qərb indiki şəraitdə bu prosesin hərbi münaqişəyə çevrilməsində maraqlı deyil. Çünki Avropa buna hazır kimi görünmür və özü bu gün parçalanmış vəziyyətdədir”.

Politoloq deyib ki, bu danışıqların aparılmasında Ukrayna tərəfi də maraqlıdır. N.Mirinin fikrincə, bu prosesdən daha çox ziyan çəkən məhz Ukraynadır:

“Ona görə də bu prosesdə danışıqlar mərhələsi başlayıb. Ancaq danışıqlar mərhələsinin tezliklə sülhlə nəticələnəcəyini düşünmək çətindir. Poroşenko bu görüşdə Rusiyaya sifətini qoruyaraq prosesdən geri çəkilməsini təklif etdi. Amma Putinin bu şəkildə geri çəkiləcəyini düşünmürəm. Ukrayna məsələsi indi Rusiya hakimiyyəti üçün həyati bir məsələyə çevrilib. Ukrayna üçün iki yekun var, Putin ya “dar ağacı”na, ya da ən azından Rusiyada güclü tərəf kimi çıxmalıdır. Ancaq güclü tərəf çıxmaq üçün ciddi əsaslar olmalıdır. Bu gün Rusiya Ukraynanın şərq əyalətlərində hər hansı bir ciddi nəticə əldə etmədən çəkilə bilməz. Ona görə də bu danışıqların elə asanlıqla getməyəcək. Əksinə sülh masasına oturmaqla bərabər, Ukrayna cəbhəsində hərbi münaqişə şiddətlənməyə başlayıb. Hiss edilir ki, hər iki tərəf hərbi məsələdə uğur əldə etməklə bərabər, sülh masasında əlavə “kozır” əldə etmək istəyir. Bu xəmirin hələ bir xeyli su aparacağını düşünürəm. Əgər bu proses tezliklə sülh yolu ilə nəticələnəcəksə, bunun regiona çox böyük təsiri olacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər