“Şamaxı, İsmayıllı və Ağsu zonasında afterşoklar hələ də davam edir. Zəlzələ ocağının tam sönməsi hələ ki, mümkün deyil. Hazırda orada 0,5, 0,7, 1,2 bal gücündə zəlzələlər qeydə alınır. Bu gün də Pirqulu stansiyası yaxınlığında bir neçə yeraltı təkanlar qeydə alınıb”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, həmin zonada fevralın 5-dən bu günə qədər 1000-dən çox afterşoklar qeydə alınıb: “Amma zona üçün heç bir təhlükə gözlənilmir. Hazırda Azərbaycanda zəif təkanlar müşahidə olunur. Onların çoxu hiss olunmayanlardır. Amma aprelin 14-ü gecə saatlarında Lənkəranda baş verən zəlzələ 3 bala kimi hiss olunub. Bu cür təkanlar heç bir dağıntı əmələ gətirən deyil. Sadəcə olaraq, ölkə Prezidentinin humanistliyindən istifadə edənlər arasında tövləsində çatlar əmələ gələnlər də bunun zəlzələ nəticəsində baş verdiyini iddia edir. Bu, artıq bir dəbə düşüb. Axı 3 bala kimi hiss olunan zəlzələ heç bir çat əmələ gətirə bilməz. Buna baxmayaraq Lerikdə kənd sakini evinin uçduğunu iddia edib”.
Q.Yetirmişlinin sözlərinə görə, Azərbaycanda gün ərzində 5-7 təkanlar baş verir: “Ölkə ərazisində il ərzində 4000-ə qədər zəlzələ olur. Bunların içərisində hiss olunanı da, olunmayanı da və dağıdıcı olanları da var”./report/