REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin Facebook sosial şəbəkəsində partiyaların proqram layihəsi barədə irəli sürdüyü fikirlər siyasilər tərəfindən müzakirələrə səbəb olub.
N.Cəfərli qeyd edib ki, REAL Hərəkatı siyasətə dəyərlər, qırmızı cizgilər, lider ətrafında birləşmə deyil, ictimai fikir liderlərinin ideya və dəyərlər ətrafında birləşməsi konsepsiyasını, yanaşmasını gətirməyə çalışıb: “Uzun illər heç bir siyasi partiyanın etmədiyini etdik - yeni proqram layihəsini ictimaiyyətə təqdim etdik. Çox xoşdur ki, bu gün siyasi səhnədə olan partiyaların hamısı yeni proqram sənədlərini hazırladıqlarının anonsunu verdilər, yəni, açdığımız cığırdan irəliləmək istəyirlər və bu, çox yaxşı haldır. Siyasi mübarizə, təkamül üçün təşkilatların xalqın qarşısına boş sözlərlə, şüarlarla deyil, mükəmməl hazırlanmış, detallı proqramlarla çıxması, siyasətin mitinq havasından, ”oturmayan ermənidir", yanaşmasından uzaqlaşması çox vacibdir".
N.Cəfərlinin bu fikrinə Müsavat Məclisinin üzvü Elman Fəttah etiraz edib. E.Fəttah qeyd edib ki, Müsavat Partiyası yeni proqramla ilk dəfə 1997-ci ildə iki layihə: millətçi və liberal demokratik xətlə çıxış edib: “Liberalları Hikmət Hacızadə, millətçiləri isə Nəsib Nəsibzadə təmsil edirdi. İki il ərzində bu proqram ictimaiyyətdə geniş müzakirə olunub. Sonda liberal demokratik layihə əsas götürülməklə proqram qəbul olunub. O vaxt indiki REAL-çılar aşırma şalvarda gəzirdilər. 2001-2006-cı illərdəki qurultayda proqrama əlavə və dəyişikliklər baş verib. İndi yenidən 3 ildir üzərində işlənilir və qurultayda qəbul olunacaq. Yəni cığır filan söhbətləri çığır-bağırdan başqa bir şey deyil”.
“Bir sənəd hazırlamısınız, oradan-buradan ”copy paste"dir"
Müsavatçı REAL-çıları plagiatçılıqda suçlayıb və qeyd edib ki, proqramın bəzi hissələri “copy-paste”dir: “2010-cu ilin dekabr ayından Müsavatın nizamnamə-proqram komissiyası yaradılıb, intensiv işləyib və artıq hazırdır, qurultayda qəbul olunacaq. Bir sənəd hazırlamısınız, oradan-buradan ”copy paste"dir. Təqdir etmişik ki, ən azından formalaşmağa çalışırsınız, mütərəqqi hadisədir. İndi qalxıb bizə "cığır açdıq, dalımızca gəlirlər" demək gülməli deyil?".
“Sən deyirsən ki, Erkin Qədirli və Xalid Bağırov plagiatla məşğuldurlar?”
N.Cəfərli proqramın böyük hissəsinin hüquqşünaslar Erkin Qədirli və Xalid Bağırov tərəfindən yazıldığını deyib: “Sən deyirsən ki, onlar plagiatla məşğuldurlar?”
REAL-ın icra katibi proqramın qalan hissəsini Cəsur Sümərinli, Azər Qasımlı, Azər Mehdiyev, Rövşən Ağayev, Zöhrab İsmayıl, Rəsul Cəfərovun yazdığını söyləyib: “Bəlkə, İlqar Məmmədov həbsxanadan plagiat edib?”
O, REAL-ın proqramının təhsil hissəsini Altay Göyüşovun yazdığını deyib.
Xaliq Bağırov hüquqi reabilitasiya, hüquq islahatları, mədəniyyətin dövlət tənzimləməsi və başqa sahələrdə proqramı yazmış şəxslərlə bu mövzuda debata çıxmağa hazır olduğunu bildirib.
“Gündəlik Teleqraf” partiyalardan proqramının olub-olmadığı barədə sorğu götürüb.
“Proqram sənədimiz 1992-ci ildə qəbul olunub”
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı qeyd etdi ki, Müsavat Partiyasının proqram sənədi 1992-ci ilin 7-8 noyabr tarixlərində keçirilən bərpa qurultayında açıqlanıb: “REAL-ın açıqladığı sənədin nəyə əsaslandığını, necə olduğunu bilmədiyim üçün o haqda heç bir şərh verməyəcəyəm. Deyə bilmərəm ki, partiya proqramı ilk olaraq Müsavata məxsusdur. Bərpa qurultayında Müsavatın nizamnaməsi ilə bərabər, proqramı da qəbul olunub”.
G.Aslanlı onu da bildirdi ki, proqramın yazılmasında bir çox tanınmış siyasətçilər məşğul olub: “1992-ci ildən sonra proqramda təkmilləşmə gedib. O sənədlərdə üzdə olan siyasətçilərdən çoxunun əməyi var, o cümlədən oraya öz töhfəsini verənlər arasında İsa Qəmbərdən tutmuş Vurğun Əyyub, Arif Hacılı, Hikmət Hacızadə, Rafiq İsmayıla qədər, indi Müsavatda olmayan və bəlkə də, adlarının çəkilməsinə o qədər də razı olmayan bir çox şəxslər tanıyıram. Mirbaba Babayev, şəxsən özüm, Nəsib Nəsibli, Nəsiman Yaqublu zaman-zaman Müsavatın proqramının və nizamnaməsinin təkmilləşməsi sahəsində öz təkliflərini bildiriblər. Bu təkmilləşmə qurultaydan qurultaya daha da təkmilləşib və indiki hala gəlib. İndinin özündə belə nizamnamə və proqrama əlavə və dəyişikliklər edilməsi istiqamətində təkliflər var və bu təkliflər müzakirə olunur. Bu müzakirədə qurultaya hazırlıq üzrə təşkilat komitəsinin, demək olar ki, bütün üzvləri iştirak edir”.
O, partiya proqramındakı liberal və millətçi xəttə də toxundu: “O söhbətlər 1996-cı ildən sonra qalxan söhbətlərdir. Əslində, Müsavatın proqramında həm millətçilik, həm də liberal xətt olub. Müəyyən dövrdə onlardan hansına daha çox üstünlük verilməsi məsələsi gündəmə gəlib. Sonra isə hər iki tərəfin ortaya çıxardığı ən vacib və mükəmməl təkliflər uzlaşdırılıb və proqram ona uyğun olaraq qəbul edilib.
“AXCP-nin proqramı günün tələbinə uzlaşdırılacaq”
AXCP sədrinin müavini Razi Nurullayev sosial şəbəkələrdəki müzakirələrdə Natiq Cəfərlinin dediyi fikirdə yanlışlıq olduğunu bildirib. Onun sözlərinə görə, AXCP-nin proqramı həmişə olub: “O proqram bu gün də var. Söhbət həmin proqramın yenilənməsindən gedir. AXCP qurultaya hazırlaşır və qurultayda partiyanın proqramına yeni elementlər daxil ediləcək və daha da müasirləşdirilərək günün tələblərinə uzlaşdırılacaq. Bu proqramın kiçik variantı mediada çap olunub, müzakirəyə çıxarılıb və tam versiya isə arxivdə qalıb. Natiq Cəfərli ona görə belə fikir irəli sürüb ki, partiyalar ciddi şəkildə aylarla ictimai müzakirəyə çıxarmayıb və insanlarda belə fikir yaranıb ki, bəlkə də, partiyanın proqramı yoxdur. Amma bu, yanlış fikridir. Ola bilsin ki, partiya diqqətini bu məsələyə ciddi şəkildə ayıra bilməyib”.
BAXCP-nin kursunu “copy-paste” ediblər
BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin sözlərinə görə, ölkəyə yeni siyasi münasibətlər sistemi ilə bağlı ideoloji yanaşmanı BAXCP gətirib: “Bu proses 2001-ci ildən başlayıb və əslində, bizdən sonrakılar getdiyimiz cığırla irəliləməyə başlayıblar. Bəzən bunu etiraf etməyə cəsarətləri çatmasa da, bu, həqiqətdir. Vaxtilə BAXCP-nin başladığı siyasi kursu inkar edən, ona qarşı savaş açan adamlar bir neçə il sonra bu kursu ”copy-paste" edib davam etdirməyə başladılar. Həm seçkilərdə hazırladığım ayrı-ayrı proqramlar, həm də bütövlükdə ölkədə konstitusion islahatların keçirilməsi ilə bağlı proqramlar dəfələrlə müzakirəyə çıxarılıb. 2008-ci ildə BAXCP-nin hazırladığı “Konstitusiya islahatları” adlı fundamental sənədin ciddi müzakirəsi gedib. Faktiki olaraq ölkədəki bütün siyasi partiyalar, cüzi istisnalar olmaq şərtilə, bu sənədi dəstəklədiklərini bildiriblər. Bizdən sonra gələnlər bu prosesin davamçılarıdır. REAL Hərəkatı adlı qüvvəni tanımıram. Hərəkat anlayışı həddən artıq geniş anlayışdır. Hətta olur ki, bir neçə siyasi partiya və vətəndaş cəmiyyəti institututları hər hansı bir prosesə qoşulurlar və bu, siyasi hərəkata çevrilir. REAL Hərəkatı haradan çıxıb, nə hərəkatdır, bilmirəm. “Kasıb itinin adını gümüş qoyar” məsəli var, o baxımdan, bu cür qeyri-ciddi müzakirələri diqqətə almırıq. BAXCP-nin rəsmi saytına daxil olan adamlar partiyanın hazırladığı proqram sənədi ilə tanış ola bilərlər".
E.Mirzəbəyli qeyd etdi ki, partiyanın proqram sənədini də ayrı-ayrı mütəxəssislər yazıb:
“Onların hər biri öz sahələrinin ustasıdır və elmi dərəcələrə malikdirlər. Proqramın təhsil istiqamətini partiyanın elm və təhsil məsələri üzrə katibi, fəlsəfə doktoru Vaqif Abışov, iqtisadiyyat istiqamətini iqtisadiyyat üzrə fəlsəfə doktoru Mahir Həmzəoğlu, proqramdakı beynəlxalq məsələlər barədə hissəni mən hazırlamışam. Proqramın hazırlanmasında partiyada təmsil olunan mütəxəssislər iştirak edib. Təbii ki, bütün proseslərin başında həm konstitusiya islahatları barədə sənədin fundamental tezisləri, həm də digər layihələrin istiqamətləri partiya sədri Qüdrət Həsənquliyev tərəfindən verilib, sonra işlənib. Barmaqla sayılan siyasi partiyalardanıq ki, bir neçə dəfə konkret qanun layihələri, qanunvericilik təşəbbüsü ilə də çıxış etmişik. Bu, heç REAL Hərəkatının yatsa, yuxusunda belə görəcəyi məsələ deyil”.
NƏRGİZ
"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.