Müsavat Partiyasının sentyabrın 27-nə nəzərdə tutulan qurultayı digər partiyalar tərəfindən maraqla izlənilir.
Bir vaxtlar Müsavatla müttəfiq olan, lakin Milli Şuradakı qopmalardan sonra heç bir iclasda bir araya gəlməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Müsavatdakı başqan yarışını diqqətlə müşahidə edir.
Başqanlığa namizəd Tural Abbaslının gənclərlə keçirilən görüşündə cəbhəçi xanımın iştirakı və çıxış etməsi “AXCP Müsavatda Tural Abbaslını başqan görür” fikrini formalaşdırmışdı.
AXCP-dən olan gənc görüşdə başqanlığa namizəd Arif Hacılını "yaşlı" adlandırmış və siyasəti tərk etməli olduğunu söyləmişdi. Onun bu sözləri dolayısı ilə AXCP-nin fikri kimi yozulmuşdu.
Bununla belə AXCP sədri və funksionerləri Müsavatdakı başqanlıq yarışının partiyanın daxili işi olduğunu bildirmiş və konkret ad açıqlamamışdı.
Hətta Müsavatda rəsmi olaraq 4 namizədin başqanlıq uğrunda savaşına rəğmən AXCP-də hesab edirlər ki, onların partiyasını Əli Kərimlidən başqa kimsə idarə edə bilməz.
Dünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiyanın Müsavatdakı qurultayı ilə bağlı qərarını açıqlayıb. O, özünün Facebook səhifəsində yazıb: “Qubad bəy, sizə seçkidə uğurlar arzu edirəm. Sizin başqanlığınız təkcə partiyanın deyil, həm də demokratik düşərgənin maraqlarına uyğun olardı”.
Onun bu fikirləri Arif Hacılının tərəfdarları tərəfindən süngü ilə qarşılanıb. Məsələyə A.Hacılının qardaşları Vaqif və Mustafa Hacıbəylilər də qoşulub.
Vaqif Hacıbəyli Fuad Qəhrəmanlının Q.İbadoğlunu dəstəkləyən statusunu belə şərh edib: “Partiyadan qovulan, uzaqlaşan, partiyada hər hansı bir konkret əməli fəaliyyəti olmayan partiya funksionerlərinin, heç vaxt Müsavata xüsusi rəğbəti ilə seçilməyən kənar adamların hər hansı namizədin təbliğatı ilə əlaqədar xüsusi canfəşanlığı suallar doğurmaya bilməz. Müsavatın kökü sağlam olduğu üçün bu cür qeyri-sağlam, kənar təsirlərin qurultayda qəbul ediləcək qərarlara əhəmiyyətli təsir göstərə biləcəyini düşünmürəm. Hər bir halda, müsavatçıları indidən qurultayla bağlı təbrik etmək istəyirəm. Çünki,qurultayın keçirilməsi nəzərdə tutulan gün mən ölkədə olmayacağam”.
Mustafa Hacıbəyli isə F.Qəhrəmanlının Facebook-dakı divarına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Q.İbadoğlunu dəstəkləyən fikirlərini yazıb və qeyd edib ki, ilk dəfədir Fuad Qəhrəmanlı ilə Hafiz Hacıyevin mövqeyi üst-üstə düşür.
M.Hacıbəyli F.Qəhrəmanlıya psixoloji təzyiq üsulu seçərək belə bir sual da ünvanlayıb: “Görəsən, Fuad Qəhrəmanlı bunu necə əsaslandıracaq?”
Qeyd edək ki, Müsavat Partiyasının başqan postu uğrunda 4 namizəd yarışır: Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy.
Sözügedən namizədlərdən daha çox Arif Hacılı və Tural Abbaslı AXCP-nin funksionerləri ilə sərt söz savaşına çıxır.
Hətta Müsavat Milli Şuranı tərk edəndə tərəflər bir-birini təhqir etməkdən belə çəkinməmişdi.
Q.İbadoğlu isə Milli Şura tərəfdarlarına barışıq müraciəti etmiş və AXCP tərəfindən müsbət qarşılanmışdı.
Q.İbadoğlu öz müraciətində deyirdi: “Dəyərli dostlarım! Bir daha sizə səslənirəm, bizə müstəqillik və demokratiya kimi əvəzolunmaz sərvət bəxş eləmiş Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolunun həqiqi davamçılarına üz tuturam. Gəlin bir həqiqəti anlayaq ki, bu “savaş”da qalib yoxdur, olsa belə, o Pirr qələbəsi heç bir tərəfə lazım deyil! Bəs onda nədən bu “savaşı” dayandırmır, bu nifaq alovunu körükləyənlərə “dur” demirik?!”
Beləliklə, AXCP Müsavatda daha loyal mövqe sərgiləyən Q.İbadoğlu ilə əməkdaşlığı daha məqsədəuyğun sayır və onu başqan postunda görür.
Kəmalə