Abşeron rayonunda ruhi xəstə qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndi ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparıldığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.