24 Sentyabr 2014 18:52
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Rusiya, Çin, Venesuelanı tənqid etməklə yanaşı, Azərbaycanı da QHT-lərin fəaliyyətini çətinləşdirməkdə ittiham edib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, ABŞ prezidentinin hansı mənbələrə əsaslanması ilə bağlı onda məlumat yoxdur: “Ancaq Amerikanın Azərbaycandakı səfirliyi, beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, ölkəmiz son dövrlərdə inkişaf edib. Azərbaycan artıq dialoqlar, mədəniyyətlər, tolerantlıq, idman mərkəzinə çevrilib. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti də hərtərəfli inkişaf edir. Hər bir cəmiyyətin, hər bir təşkilatın problemləri var, amma bu o demək deyil ki, Azərbaycanda dövlət, hökumət səviyyəsində qeyri-hökumət təşkilatlarına təzyiq var və ya problemlər yaradılır. Bunlar qeyri-obyektiv məlumatlardır. Barak Obama ABŞ prezidenti olaraq ciddi və obyektiv mənbələrdən məlumatları alsa, daha yaxşı olar”.

R.Zeyni əlavə edib ki, Barak Obama 25 il ərzində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması istiqamətində səylərini gücləndirsə daha məqsədəuyğun olar: “1919-cu ildə Amerika prezidenti Vilson Cənubi Qafqaz ölkələrini monitorinq etmək üçün öz nümayəndələrini göndərir. Həmin nümayəndələr geri qayıdarkən Vilsona təqdim etdikləri rəydə göstərirlər ki, Cənubi Qafqazda iqtisadi cəhətdən yalnız Azərbaycan bir dövlət kimi özünü qoruyub yaşada bilər, qalan dövlətlərin buna iqtisadi imkanı yoxdur. Bu gün də Azərbaycan torpaqları işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edir. Sadəcə, ABŞ Minsk Qrupunun həmsədri və güclü bir dövlət kimi Azərbaycan torpaqlarının işğaldan azad olunması yolunda daha çox addımlar ata bilər. Azərbaycan xalqı, ictimaiyyəti Amerika prezidentindən bunu gözləyir. Heç vaxt düşünə bilməzdim ki, Barak Obama çox kiçik məsələlərlə vaxt tapa bilir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər