Azərbaycanın bir neçə rayonda oğurluq, soyğunçuluq faktlarının, həmçinin silah və narkotik vasitələri saxlayan şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Elçin Əkbərov ona məxsus 10 baş iri buynuzlu heyvanın rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itdiyini bildirib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 23-də E.Əkbərova məxsus heyvanları otlaq sahəsindən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyevin və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyevin oğurladıqlarına dair əsaslı şübhələr yaranıb və onlar saxlanılıblar.
Araşdırmalar zamanı onlar oğruluq hadisələrini törətdiklərini etiraf edərək, həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər.
Bundan başqa, Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də rayon ərazisindəki evlərin birindən 750 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Fərəcov saxlanılıb.
Daha bir əməliyyat Göyçayda keçirilib.
Göyçay rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Ədalət Cəfərovdan “İJ-18” markalı tüfəng aşkar edilərək götürülüb.
Oxşar əməliyyat Şirvanda da baş tutub.
Şirvan şəhər polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.