Daxili İşlər Nazirliyi ötən gün Oğuz rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.
Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub.
Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, hadisə rayonun Kərimli kəndində baş verib.
Rayon sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev odlu silahdan açılan atəş nəticəsində güllələnərək öldürülüb.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zərgəm Məsumov həbs edilib.
Məlum olub ki, hadisə həmyerlilər arasında yaranan mübahisə zamanı baş verib.
Belə ki, qətlə yetirilən Elşən Abdullayev kənddə ting satırmış.
Bu zaman Elşən Abdullayevin yanına gələn Zərgəm Məsumov bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.
Buna görə Elşən Abdullayev onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.