Müxtəlif vaxtlarda Ağsu rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakinləri yaşadıqları evdən və müxtəlif obyektlərdən oğurluq edildiyi barədə məlumat veriblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları hadisə yerlərinə baxış keçiriblər.
Ağsu şəhər sakininə məxsus evdən ümumi dəyəri 1300 manata yaxın olan televizor, qaynaq aparatı və digər əşyalar, İ.Vəliyevə məxsus şəhər ərazisində yerləşən mağazadan müxtəlif enerji içkiləri, eləcə də digər müxtəlif çeşidli mallar, D.Ağaməmmədovun işlətdiyi “Topaz” mərc oyunları yerindən 150 manat dəyərində müxtəlif lotereyaların oğurlandığı müəyyən olunub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törədən şəxslərin Ağsu rayon sakini 24 yaşlı Hüseyn Dadaşzadə və Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Samir Eyvazov olduqları müəyyən olunub.
Onlar şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Ağsu rayon polis şöbəsinin istintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.