“Qubad İbadoğlu açıq-aşkar faktları təhrif edir”
Müsavat Partiyasının yeni başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli başqanlıq yarışında qardaşına rəqib olan Qubad İbadoğlunu tənqid edib.
Telqraf.com-un məlumatına görə, V.Hacıbəyli Q.İbadoğlunun qurultayda ədalətsizliyin olduğu barədə söylədiyi fikirlərə cavab verib. O, A.Hacılının opponentlərinin seçkisonrası davranışını şərh edib: “Müsavatdakı seçki ərəfəsində yazmışdım ki, namizədlər seçki kampaniyasında özlərini mənim gözlədiyimdən də yaxşı, demək olar ki, ideal aparırlar. Seçkidən sonra yenə gözləmədiyim halda Tural Abbaslı özünü çox ağayana apardı. Hərçənd ki, Əhəd Məmmədli və Rüfət Hacıbəylinin Məclisə seçilməməsi istənilən halda mənə təəccüblü gəldi. Bunun qarşılığında gənc olduğu üçün bu olaya çılğın reaksiya verəcəyi gözlənilən Tural bəy özünü yetkin siyasətçi və əsl Müsavatçı kimi aparır, ondan daha təcrübəli, ziyalı, guya həmişə təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən mənim gözlədiyimdən də daha uğurlu nəticə qazanan digər namizəd isə yenə mənim gözləmədiyim halda məyusedici açıqlamalar verməkdə davam edir və bu halda açıq-aşkar faktları təhrif edir. Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə getmiyiblərmi? Onlar Musavat rəhbərliyi deyilmi?
İsa Qəmbərin guya gizlində kiməsə dəstək verməsi də absurddur, axı? İsa bəyin doğma qardaşı, ağsaqqal əmisi, başda dostum Vəzir olmaqla mühafizəçiləri, Müsavatdakı bütün pisliklərdə həmişə barmağı olan qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək veribsə,o nda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı deyil, bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür, vallah”.
Kəmalə