Əhməd Oruc: “Onlar müxalifətdə parçalanmanın dərinləşdirilməsi üçün sifariş alıblar”
Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısı keçirilib. Toplantıda bir neçə istiqamətdə müzakirələr aparılıb. Müzakirələrin nəticəsində partiya sədrlərinin adından Ədliyyə nazirinə və baş prokurora müvafiq müraciət edilib. Müraciət həbs yerində saxlanılan şəxslərin şəraiti ilə bağlı olub. Bundan başqa toplantıda həbsdə olan Tofiq Yaqublu və İlqar Məmmədovla ailə üzvlərinin görüşünə imkan verilməməsi haqda məsələ də müzakirə edilib.
Partiya liderləri Milli Məclisə seçkilərin mojaritar və proporsional seçki sistemi əsasında keçirilməsinin təsbiti üçün referendum keçirilməsi təşəbbüsü ilə əlaqədar Azərbaycan prezidentinə, Milli Məclisə və Mərkəzi Seçki Komissiyasına müraciətlər etməyi qərara alıb.
Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Xəzərin hüquqi statusuna dair qəbul edilmiş bəyanat, habelə Həştərxanda müzakirə edilən məsələlərdə partiya sədrləri tərəfindən dəyərləndirilib.
Müzakirələr zamanı partiyalar qərara alıblar ki, Demokratiya və İnsan Haqları Mərkəzinin adından oktyabrın 15-də konfrans keçirilsin. Tədbirin Müsavat Partiyasının qərargahında reallaşdırılması da razılaşdırılıb. Tədbirin təşkilati və texniki işlərini həll etmək üçün işçi qrupunun yaradılması da nəzərdən keçirilib.
Məlumat üçün deyək ki, toplantıda KXCP, Müsavat, ADP, Ümid, Azadlıq, VİP, Az.DP, Böyük Azərbaycan Partiyası, Aydınlar Partiyas, AXP və ALDP rəhbərləri iştirak edib. Adı çəkilən partiyalar Milli Şuranın oktyabrın 12-də keçirmək istədiyi mitinq məsələsini, bu aksiyaya qoşulub-qoşulmamaqla bağlı hər hansı bir müzakirə aparmayıb və qərar verməyib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, hazırda Milli Şura müxalifət daxilində bölücülüklə məşğul olur: “Mitinq keçirmək qərarı veriblər, özləri də bəyan ediblər ki, aksiyalarına heç kimi dəvət etmirlər. Bizim mərkəzdə bir neçə partiya sədri Milli Şurada, hətta onun Koordinasiya Mərkəzində təmsil olunurlar. Ancaq buna rəğmən onlar həm sosial şəbəkələrdə, həm də mətbuatda bizə qarşı etikadan kənar ifadələr işlədir. Bizim onların aksiyasında iştirakımız, bu məsələnin müzakirəsi olmayıb. Onlar indi kim birinci mitinq keçirdi, mitinqə kim çox adam yığdı kimi işlərlə məşğuldur, bu faktiki olaraq demokratik düşərgənin maraqlarına uyğun deyil və müxalifətin parçalanmasına xidmət edir. Görünür bununla bağlı haradansa sifariş alıblar”.
Əhməd Oruc əlavə edib ki, təmsil olunduqları mərkəzdə mitinq keçirməklə bağlı ilkin müzakirələr açıb, aksiya keçirmək məqsədəuyğun hesab olunub, hətta bu məqsədlə işçi qrupu da yaradılıb: “İşçi qrupu partiyalarda aksiyalara hazırlıq məsələsini araşdıracaq. Gələcək toplantılarda yəqin ki, bununla bağlı müvafiq qərar da qəbul olunacaq”.
Qeyd edək ki, mərkəzin toplantısına Müsavatın adından Gülağa Aslanlı qatılıb. Buna səbəb köhnə başqan İsa Qəmbərlə yeni başqan Arif Hacılının Polşaya səfər etməsidir.
Nemət