2 Oktyabr 2014 15:07
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “Uşaqların həbsdə qalması kimlərinsə maliyyə alması üçün vacibdir”

Mətbuatda yaxın günlərdə yeni əfv fərmanının veriləcəyi haqda xəbərlər dolaşır. Həbs edilən NİDA-çıların Prezidentə əfv ərizəsi yazması da bu fikirləri gücləndirir.

Ancaq Əfv Komissiyasının əlaqə saxladığımız üzvləri bu haqda konkret fikir bildirməkdən imtina edirlər. Onlar qeyd edirlər ki, əfv fərmanı imzalamaq Prezidentin səlahiyyətinə aid məsələdir və Prezident bir ildə bir neçə dəfə bu cür əfv fərmanı imzalayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə teleqraf.com-a bildirdi ki, təmsil etdiyi Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu iki gün əvvəl ölkə Prezidentinə və Əfv komissiyasına müvafiq müraciət edib. Hüquq müdafiəçiləri azadlığa buraxılmasını istədiyi məhbusların adını qeyd edib və onların azad edilməsini xahiş ediblər.

Novella Cəfəroğlu əlavə etdi ki, Qurban bayramında əfvin olmasını gözləyirlər: “Əgər bu bayramda olmasa, bir qədər gec olacaq. Mən uzun illərdir ki, bu sahədə çalışıram və bir tendensiyanı dəqiq bilirəm. Azərbaycana kənardan nə qədər çox təzyiqlər olursa, Azərbaycan da bu təzyiqlərə bir o qədər az qulaq asır. Ona görə də kənardan olan təzyiqlərə isti baxmırıq. Biz səsimizi, hissiyatlarımızı dayandırmağı düşünürük ki, sonda əfv verilsin və uşaqlar azadlığa buraxılsın. Ancaq gənclərin, siyasətçilərin və jurnalistlərin həbsdə qalması çox adamın maraqlarına uyğun gəlir. Çünki uşaqların həbsdə qalması bəzilərinin özlərini beynəlxalq təşkilatlara göstərməsi, maliyyə alması, Avropa ölkələrinə getməsinə səbəb olur. Mən çox təəssüflər edirəm. Gözləyirəm ki, uşaqlar azadlığa çıxsın. Onların çoxu əfv ərizəsi yazıb. Bilirsinizmi, istidə oturub şirin çay içmək, Avropa ölkələrini gəzmək, mətbuata müsahibələr vermək asan, uzun illər həbsxanada oturmaq isə çətindir. Odur ki, uşaqların həbsdə qalmasında kimlərsə maraqlıdır. Bir daha deyirəm, bu adamlar bizə nə qədər satqın desələr də, bu illər ərzində gördüyümüz işlərin 20 faizini belə görə bilməyəcəklər. Biz həbsxanada hər bir insanın qədrini bilirik, kimin dostumuz, kimin düşmənimiz olmasının elə də əhəmiyyəti olmur. Həbsə düşənlərin azadlığa buraxılmasını istəyirik. Daha bu məsələlərdən maraqlarımız baxımından istifadə etmirik, əksinə, bu məhbusların evlərinə dönməsini istəyirik. Dünyada bizi tanıyırlar. Nə qədər istəyirlər gedib desinlər ki, biz satqınıq. Biz beynəlxalq təşkilatlarda mühüm adamların hamısı ilə görüşüb müzakirələr aparırıq və qarşı tərəf də bilir ki, biz insanların azad olunmasını istəyirik. Ancaq qışqıranlar üçün onların həbsdə olması daha faydalıdır, çünki nə qədər həbsdə adam olsa, bunlar da bir o qədər çox Avropaya gedib-gələcəklər”.

Novella Cəfəroğlu qeyd etdi ki, əslində Azərbaycanda Qurban bayramında əfvin verilməsi təcrübəsi yoxdur: “Əlbəttə, istəyərdik ki, əfv olsun. Ancaq, adətən, əfv fərmanı dekabrda imzalanır. Sadəcə istəyirik ki, uşaqlar tez azad olsun. Çünki əziyyət çəkirlər. Mən nə dediyimi bilirəm. Bəzilərinə dərman lazımdır. Mən də daxil olmaqla hansımız bu şəxslərin qapısını döyüb 5 manat kömək etmişik, hansımız onlara getmişik? Belə şeyləri də düşünmək lazımdır. Hər halda Qurban Bayramında və ya 2014-cü ilin sonunda əfv olacaq. Fikrimcə, böyük əfv olacaq. Biz hüquq müdafiəçiləri olaraq əfvin verilməsini hər zaman alqışlayırıq”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər