AŞ PA Bürosu qərara alıb ki, Ermənistan nümayəndə heyətilə əlaqə saxlayacaq və onların yeni təyin olunmuş məruzəçiyə etirazları ilə bağlı xüsusi müzakirələr aparacaqdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Avropa Şurası Parlament Assambleyası Bürosunun iclasının nəticələri ilə bağlı açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Millət vəkili AŞ PA Bürosunda "Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər" adlı məruzə ilə bağlı məsələnin də müzakirə olunduğunu qeyd edib: "Bü gün Avropa Şurası Parlament Assambleyası Bürosunun çox vacib bir iclası keçirildi. AŞ PA-da müzakirə olunaraq təsdiqlənmiş məsələlər bir daha öz təsdiqini tapdı. Xüsusilə Siyasi məsələlər və demokratiya komitəsində “Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər” adlı məruzə ilə bağlı məruzəçinin təyin olunması bir daha Büroda öz təsdiqini tapıb. Bu mövzu müzakirə olunarkən Büronun üzvlərindən bir çoxu məsələ qaldırdılar ki, AŞ PA-dakı Ermənistan nümayəndə heyəti özünü bu sessiyada tamamilə Avropa Şurasının qanun-qaydalarına uyğun olmayan tərzdə aparıb və onun yekdilliklə təyin olunmuş, seçilmiş və artıq işə başlamaq niyyətində olan məruzəçisi ilə işləməmək, onu qəbul etməmək məsələsini gündəmə gətirib. AŞ PA Bürosu qərara aldı ki, Ermənistan nümayəndə heyəti ilə əlaqə saxlayacaq və belə məsələlərin AŞ-nin qaydalarına uyğun olmaması ilə bağlı xüsusi müzakirələr aparacaqdır. Ermənistan tərəfi öz mövqeyində israr edərsə, AŞ-nin hüququ var ki, sözügedən nümayəndə heyətinə qarşı lazımi addımları atsın".
S.Seyidov məruzəçi Robert Valter tərəfindən hesabatın hazırlanması, onun iş prinsipinin müəyyən olunması məsələsinin Büroda müzakirə olunub-olunmamasına dair suala cavabında bildirib ki, bu məsələ Büronun işi deyil: "Bu məsələ Siyasi məsələlər və demokratiya komitəsinin gündəmində olacaq. Bu komitənin növbəti iclası keçiriləndə artıq R.Valterin səfərləri, iş prinsipləri və əlaqələri müzakirə olunacaq. Bununla yanaşı, Ermənistanın məruzəçi ilə işləyib-işləməməsi məsələsi bir daha gündəmə gələcək. Ona görə ki, əgər onlar özlərinin “yox” cavablarını təkrarlasalar, bu, açıq şəkildə AŞ-yə meydan oxumaq deməkdir. Təbii ki, bu halda AŞ hansısa addımlar atmaq məcburiyyətində qalacaq. Bunun hansı addımlar olacağını müzakirə edəcəyik. Hər bir halda bu məsələyə AŞ PA-nın yanvar sessiyasında bir daha qayıdılacaq”.