Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Rusiya Federasiyasından ölkəmizə qaçaqmalçılıq yolu ilə xeyli sayda mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Teleqraf.com Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin məlumat əsasında Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Əlyar Sərdar oğlu Cavadovun idarə etdiyi "SKANİA R420" markalı, 99 UR142/42ZA485 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisindən gömrük nəzarətindən gizlədilən, polietilen paketlərə sarınmış şəkildə 202 ədəd müxtəlif versiyalı Ayfon-11 markalı və 15 ədəd Samsunq S20 markalı, ümumilikdə 217 ədəd mobil telefon aşkar edilib.
Həmin telefonların ümumi dəyəri 500 min manat təşkil edir.