Yenə müdafiə komitəsi yaradılır
İslam və Yaşıllar partiyaları Demokratiya və İnsan Hüquqları Mərkəzində fəaliyyətlərini dayandırıb. Bu partiyaların Müsavatın keçmiş başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılan mərkəzdən imtina etməsinin gerçək səbəbləri bəlli deyil. Blokda təmsil olunan digər partiyalar da gedənlərlə bağlı susmağa üstünlük verirlər.
İslam Partiyasının sədri Elşən Manafov isə Demokratiya və İnsan Hüquqları Mərkəzində fəaliyyətlərini dayandırmasının səbəblərini açıqlayıb.
Partiya sədri deyib ki, onların özünün “Vətən” bloku var: “Bu blokda Ədalət, Yaşıllar və İslam partiyaları fəaliyyət göstərir. Demokratiya və İnsan Hüquqları Mərkəzi isə sentyabrın 17-də konfrans keçirməyi qərara almışdı. Biz ayın 16-da toplaşdıq, konfransa kimin nə qədər adam gətirəcəyi müzakirə edildi. Biz isə bundan öncə “Vətən” blokunda məsləhətləşmişdik və qərara almışdıq ki, özümüz də müdafiə komitəsi yaradaq və digər bloklara daxil olmadan onlarla əməkdaşlıq edək. Mən də Demokratiya və İnsan Hüquqları Mərkəzinin sentyabrın 16-da keçirilən toplantısında mövqeyimizi ifadə etdim. Dedim ki, biz özümüz də müdafiə mərkəzi yaradacağıq, ancaq bu, alternativ olmayacaq. Beləcə onlardan ayrıldıq. O zaman KXCP sədri təklif etdi ki, sentyabrın 17-də keçiriləcək konfransda iştirak edək. Mən də buna etiraz etmədim və konfransda iştirak etdim”.
Elşən Manafov əlavə edib ki, artıq Yaşıllar Partiyası da Demokratiya və İnsan Hüquqları Mərkəzində fəaliyyətini dayandırıb: “Mais Gülalıyev mərkəzin toplantılarında 2-3 dəfə iştirak etdi. Sonra isə telefon vasitəsilə bildirdi ki, bu qurumda fəaliyyətini dayandırır. Mən isə toplantıya qatılıb mövqeyimizi səmimi olaraq elan etdik”.
İslam Partiyasının sədri söyləyib ki, hazırda onların blokunda təmsil olunan üç partiya müdafiə komitəsi yaratmaq haqqında düşünür. Onun sözlərinə görə, indi komitənin adı müəyyənləşdirilir: “İlyas İsmayılov gözəl hüquqşünasdır, ətrafında da kifayət qədər hüquqşünas var. İstəyirik normal bir komitə yaradaq ki, təsirli olsun”.
Elşən Manafov daha sonra qeyd edib ki, sədri olduğu partiya Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinqlə bağlı son qərarını verməyib: “İdarə Heyətini toplayıb qərar verəcəyik. Əgər qatılacağıqsa, bununla bağlı təşkilati işlərlə məşğul olmaq lazım gələcək. Qatılmayacağıqsa, buna ehtiyac olmayacaq”.
Cavidan