15 Aprel 2014 11:38
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nürəddin Məmmədli Əli Kərimlini gülüş hədəfi etdi İ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədlinin Facebook-da yazdığı status geniş müzakirələrə səbəb olub. N. Məmmədli vurğulayıb ki, Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı.

İstifadəçilərin bir çoxu bu statusu zarafat kimi qəbul etsə də, cəbhəçilər N. Məmmədlinin statusunda partiya sədrininin müdafiəsi istiqamətində şərhlər yazıblar.

Müsavat başqanının müşaviri Səxavət Soltanlı qeyd edib ki, vaxtında məsləhətlərə qulaq asmamaq ciddi problemdir: “Vaxtında məsləhətlər eşidilsəydi, AXCP də 7 yerə parçalanmazdı”.

Onun bu rəyindən sonra cəbhəçilər müsavatçıları sərt tənqid edib və Müsavatı hakimiyyətə işləməkdə suçlayıb.
S. Soltanlı isə statusun zarafatla yazıldığını zənn etdiyini bildirib.

N. Məmmədlinin statusu ətrafında #meslehet heştəqi yaradılıb. Facebook istifadəçiləri statusu gülüş obyektinə çevirməyə başlayıblar.

Əli Kərimlinin dünya liderləri ilə montaj olunmuş fotoları yayılıb. Caps-larda ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ə. Kərimliyə telefon açaraq məsləhət aldığı göstərilir.

N. Məmmədli onun statusuna ironiya ilə yanaşanlara belə cavab verib: “Həqiqətə söykənən statusumdan isterika keçirməyə ehtiyac yoxdu. Sadəcə olaraq qərəzi bir tərəfə qoyun, mənim statusumu da unudub, dünyanın nə dediyinə baxın. Artıq bütün dünya, o cümlədən prezidentlər Əli bəyin bir neçə gün əvvəl dediklərini təkrar edirlər. Bəlkə Polşanın prezidenti də Əli bəyin müavinidi?”

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da AXCP sədrinin fikirlərini absurd adlandırıb.
Müsavatçıların Ə. Kərimlinin fikirlərini absurd adlandırması AXCP funksionerlərini qəzəbləndirib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Ə. Kərimlini doğru fikir səsləndirdiyinə görə qınamaq, həqiqəti məhz o səsləndirdiyinə görə inkar etmək kimliyindən asılı olmayaraq, həmin şəxsin əqli və mənəvi probleminin olduğunu göstərir.

O qeyd edib ki, polemikanın məqsədi həqiqəti tapmaq, doğrunu ortaya çıxarmaqdır: “Əgər həqiqət ortada varsa, hamı tərəfindən etiraf olunursa, bunu inkar etmək əqli, mənəvi problemlərdən xəbər verir. Əli bəyin səsləndirdiyi fikirlər təkcə ona məxsus deyildi. Ukraynanın Şərqində separatçılıq başlayanda mövcud hakimiyyət qətiyyətsiz münasibət göstərdi və buna Ukrayna mediası, təmsilçiləri tənqidi fikirlər bildirdilər. Sonradan Əli bəyin səsləndirdiyi fikirlər təsdiqini tapdı və Ukrayna hakimiyyəti anti-terror əməliyyatlarına başladı”.

AXCP sədrinin müavini bildirib ki, bunu inkar edənlərlə polemika aparmağa lüzum yoxdur: “Görünür, ağılları, intellektləri normal fikir söyləməyə çatmadığı üçün məhz Əli Kərimlinin fikirlərinə kölgə salmağı özlərinə peşə seçiblər. Bu da onların öz səviyyələrinə uyğun seçdikləri yoldur. Buna biz nə deyə bilərik ki?”

Qeyd edək ki, Ə. Kərimlinin Ukrayna müxalifəti haqda səsləndirdiyi fikirləri ən çox REAL Hərəkatının İdarə Heyətinin üzvləri Altay Göyüşov və Natiq Cəfərli tənqid etmişdi.

Ardınca Müsavat funksionerləri bu məsələyə ciddi baxmadıqlarını bildirdilər.

Xatırladaq ki, AXCP sədri Əli Kərimli Facebook sosial şəbəkəsindəki statuslarında Ukrayna hakimiyyətini Rusiya təhlükəsinə qarşı birliyə və qətiyyət göstərməyə çağırıb.

KƏMALƏ


Müəllif: