18 Yanvar 2021 11:03
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyası Xətt polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilib.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbiristanlıqda odlu silah gizlətməsi də məlum olub.

Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı “AKM-72” tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyası Xətt polis şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov