Elmar Məmmədyarov: "Bəzi qüvvələr Azərbaycandakı inkişafa kölgə salmaq istəyir"
“Almaniya dünyada bəlkə də ən liberal nümayiş hüquqlarına malik ölkədir. Bizim hökumətimiz özü də bunda maraqlıdır. Çünki bizim özümüzə də lazımdır ki, ölkəmizi siyasi baxımdan inkişaf etdirək”.
Teleqraf.com xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirən Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer deyib.
Qeyd edək ki, azərbaycanlı jurnalist Almanyanın Düsseldorf, Frankfurt-Mayn və digər şəhərlərində nümayiş keçirən insanlara qarşı polis zorakılığının olmasına dair sual verib.
Nazir Ştaynmayer isə deyib ki, güc strukturları yalnız onların özlərinin və digər vətəndaşların həyatı üçün təhlükə yarandığı hallarda güc işlədirlər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova isə ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlı sual ünvanlanıb. Nazir deyib ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bir sıra təşəbbüslər irəli sürüb: "Biz gələn ay sədrliyi Strasburqda keçiriləcək toplantıda Belçikaya təhvil verəcəyik. Nazirlər Komitəsinə sədrliyimiz çərçivəsində antikorrupsiya proqramları həyata keçirməyə önəm verdik. Gələn ay da Bakıda antikorrupsiya məsələsinə həsr olunmuş böyük bir konfrans keçirəcəyik".
Xarici ölkə mətbuatında Azərbaycanı tənqid edən məqalələrə və bəzi şəxslərin Azərbaycanla bağlı tənqidi fikirlərinə gəldikdə isə, E.Məmmədyarov deyib ki, bunun düzgün hərəkət olmadığını düşünür: "Çünki bunlar bəzi hallarda sifarişlə yazılan məqalələrdir. Bizim bununla bağlı məlumatımız var. Çünki Azərbaycanda inkişaf gedir və ikili standartlarla fəaliyyət göstərən bəzi qüvvələr fikirləşirlər ki, necə edək ki, bu inkişafa kölgə salaq. Amma bu o demək deyil ki, Azərbaycan öz yolunu dəyişəcək. Azərbaycan bu yolla davam edəcək və daha güclü ölkəyə çevriləcək".
Səxavət