Abşeron rayonunda zərərçəkənin etibarından sui-istifadə edərək bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində naməlum şəxslər bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 902 manatı ələ keçiriblər.
Bu barədə kart sahibi Abşeron rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 2 nəfərə müraciət edib.
Həmin şəxslər kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat veriblər.
Həmin şəxslər kartın sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər – Kənan İmamverdiyev və Mehman Cəfərli tutulublar.
Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
Kənan İmamverdiyev və Mehman Cəfərlinin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.