Aprelin 5-də saat 14 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Alıyeva Aybəniz Kavı qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək Aybəniz Alıyevanın qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Şəmkir rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Tağıyev Rəşad İsmayıl oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Alıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rəşad Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
11:36
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 5-də Şəmkir rayonunun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Ondan A.Alıyevadan götürdüyü 10.000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı araşdırma aparılır.