Milli Məclisin sədri Oqtay Əsədov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Mübarək bin Fəhd əl-Tanini qəbul edib.
Spiker ölkəmizdə missiyasının başa çatdığı ərəfədə qonağın belə görüşlər keçirməsini müsbət dəyərləndirərək onun Azərbaycandan xoş təəssüratlarla ayrılırmasına inandığını və və gələcək fəaliyyətində münasibətlərimizin daha da inkişaf etməsi naminə öz səylərini əsirgəməyəcəyini qeyd edib:
“Ümidvaram ki, günü-gündən genişlənən əlaqələrimiz xalqlarımızın daha da yaxınlaşmasına, dostluq münasibətlərimizin daim möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan və ərəb xalqlarının dini, mədəni bağlılığı, bir çox beynəlxalq problemlərlə əlaqədar mövqelərimizin üst-üstə düşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır. Biz Qətərlə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm əhəmiyyət kəsb edir”.
Səfir Mübarək bin Fəhd əl-Tani səfir kimi Azərbaycandakı fəaliyyəti dövründə əlaqələrin dərinləşməsi üçün görülən işlərdən danışaraq dedi ki, ölkəsini təmsil etdiyi dövrdə Azərbaycana böyük maraq göstərib.
Səfir qeyd edib ki, gələcəkdə harada çalışmasından asılı olmayaraq o, iki dost ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün öz qüvvə və bacarığını əsirgəməyəcək.
Nemət