Müsavat Partiyasında qurultayın nəticələrindən narazı olanlar yeni fraksiya yaratmaqda israrlıdılar.
Bu barədə Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bildirib.
Onun sözlərinə görə, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun arayışına verdiyi cavab qaneedici deyil: "Mən belə cavabı gözləyirdim. Bundan sonra atacağımız addımı müzakirə edəcəyik. Yeni fraksiya yaratmaq məsələsini də müzakirə edəcəyik".
Ötən gün MNTK-nın iclasında Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb. Bildirilib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib. Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.
Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
Ayxan