Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilib.
Rauf Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.
Faktla bağlı Ağsu rayon polis şöbəsində cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.