1 Noyabr 2014 12:41
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) qurultaydan narazı qalan qrupun şikayətinə baxaraq öz rəyini verib. Sənəddə narazıların lideri Qubad İbadoğlunun saxtakarlıqla, eləcə də, qurultaydan əvvəl yol verilən qüsurlarla bağlı gətirdiyi faktlar öz təsdiqini tapmayıb.


MNTK qeyd edib ki, Cəlilabad, Xaçmaz, Sabirabad, İmişli, Ağdam, Tovuz və Bərdə rayon təşkilatlarında konfrans nümayəndələrinin seçilməsi zamanı qüsura yol verilməyib.

Sənədin mahiyyətindən belə anlaşılır ki, qurultayda, eləcə də, ondan əvvəl müəyyən kiçik pozuntulara yol verilib, lakin bu, qurultayın və seçkilərin legitimliyini şübhə altına ala bilməz. Sənəddə həmçinin partiya rəhbərliyi daxili demokratiyanın inkişafına çağırılır, partiya üzvlərinin irad və təkliflərinə diqqət ayırmaq tövsiyə edilir.

İbadoğlu tərəfdarlarını qərargaha toplayacaq

Artıq narazıların lideri Qubad İbadoğlu MNTK-nın bu izahatına reaksiya verib. İbadoğlu deyib ki, sənəddə qeyd edilənlər araşdırılır: "Biz noyabrın 8-də tərəfdarlarımızla qərargahda toplantı keçirəcəyik. Orada həm MNTK-nın bu izahatına münasibət bildiriləcək, həm də gələcək fəaliyyətlə bağlı qərar açıqlanacaq".

MNTK-nın sənədini Gülağa Aslanlı hazırlayıb

İsa Qəmbərin sabiq müşaviri, narazıları təmsil edən Hüseyn Məlik deyib ki, MNTK-dan fərqli izahat gözləməyib, bu mövqeyini əvvəllər də açıq ifadə edib: "MNTK-nın yaydığı sənədin hazırlanması stili Gülağa Aslanlıya məxsusdur. Gülağa Aslanlı bunu yazıb, MNTK isə təsdiq edib. Biz bu cür də cavab gözləyirdik".

"Partiyanın kursu bizim üçün qaranlıqdır"

Hüseyn Məlik qeyd edib ki, əsas məsələ yaxın gələcəkdə partiyanın yeridəcəyi siyasi kursdur: "Partiya hara gedir, kursu necə olacaq, müxalifət düşərgəsindən imtinamı edəcək kimi məsələlər mənim üçün qaranlıqdır. Partiyanın yeni kursu müəyyənləşir. Müsavatın yeni kursu əslində görünür. Bizim Əhməd Orucla, İqbal Ağazadə ilə əməkdaşlığımız var. "Siyasi partiyaların demokratiya və insan hüquqları mərkəzi" adlı qurumun yaxın gələcəkdə siyasi bloka çevriləcəyinə heç bir şübhəm yoxdur. Parlament seçkilərinə də onlarla birlikdə gedəcəyik. Məni narahat edən Müsavatın kursudur. Artıq AXCP ilə ittihamlar başlayacaq. Bu, təbiidir. İndi yeridilən kursla bağlı hakimiyyətə qarşı tənqidi çıxışlar yoxdur. Biz bu kəskinliyi görmürük. Hər halda bizim də qərarımız noyabrın 8-də bilinəcək".

Gülağa Aslanlı: "MNTK-nın sənədini mən hazırlamamışam"

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, əslində, narazı tərəf MNTK-ya şikayət deyil, arayış göndərib. Onun sözlərinə görə, arayışa baxılaraq müvafiq izahat verilib: "Əgər qarşı tərəf izahatdan narazı qalsa, təkrar MNTK-ya və ya Divana müraciət edə bilər. Qubad İbadoğlunun partiyaya təqdim etdiyi sənədin adı şikayət deyil, arayışdır. Lazım olsa, MNTK bunu təsdiq edə bilər. Mən nizamnamə əsasında danışıram. Qarşı tərəfin bundan sonra nə düşündüyü haqda fikir deyə bilmərəm".

G.Aslanlı deyib ki, Hüseyn Məlikin MNTK-nın izahatının onun tərəfindən hazırlanması iddiası qeyri-ciddidir: "Hüseyn Məlik bunu fakt əsasında deyir, yoxsa gümanı əsasında? Bu, onun şəxsi işidir. Ancaq onun belə məlumatı haradan alması mənim üçün qəribədir. Mənim bu sənədin işlənməsində rolum olmayıb, MNTK müstəqil qurumdur, özləri arayışı hazırlayıb. Sadəcə olaraq, mən, Hikmət Hacızadə və Hamlet Səfixanlı ilə birlikdə MNTK-nın iclasında aparılan müzakirələrdə iştirak etmişəm".

G.Aslanlı daha sonra qeyd edib ki, noyabrın 8-də müsavatçıların qərargaha toplaşmasında qeyri-adi bir şey yoxdur: "Ancaq "narazılar" ifadəsi düzgün səslənmir. Bu arayışı yalnız Qubad İbadoğlu imzalayıb. Arayış və ona verilən izahat barədə də bilavasitə Qubad İbadoğlu cavab verə bilər. Hüseyn Məlikin və digərlərinin MNTK-nın qərarına verdiyi cavabın heç bir əsası yoxdur".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər