Azərbaycanda yalnız partiya sədrlərinin iştirak etdiyi piket keçirilə bilər. Bu haqda təklif 11 siyasi partiyanın iştirak etdiyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində irəli sürülüb. Piketin yaxın günlərdə baş tutacağı gözlənilir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu piket formasını müxalifətin insanları təəccübləndirmək cəhdi kimi qiymətləndirib: “Müxalifət ölkəni və dünyanı təəccübləndirməkdə davam edir. Heç bir yerdə görünməmiş formada aksiya keçirmək istəklərinin səbəbi kütləviliyə nail ola bilməmələridir. Onlar təklikdə və birləşmiş şəkildə kütləvi aksiya keçirə bilmirlər. Ümumilikdə ən böyük aksiyalarında 600-700 nəfər iştirakçı olur. İndi də ictimaiyyət və siyasi şərhçilərin azsaylı aksiya keçirmək qınağından azad olmaq üçün bu yola əl atıblar. Lakin həmin aksiyaya da hansısa partiya sədrinin gəlməyəcəyini düşünürəm”.
“Bunun əhəmiyyəti yoxdur”
A.Mirzəzadə cəmiyyətin müxalifətin aksiyalarını dəstəkləmədiyini vurğulayıb: “Neçə partiya sədrinin piketə qatılmasından asılı olmayaraq, cəmiyyətin buna marağı yoxdursa və onları proqramı dəstək qazanmırsa, belə tədbirlərin əhəmiyyəti yoxdur”.
“Beynəlxalq təşkilatlara dosye göndərəcəklər”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə söyləyib ki, indiyədək sözügedən mərkəz kimi müxtəlif qurumlar yaradılıb və bundan sonra da yaradılması istisna olunmur: “Lakin gəlişi gözəl, adı cəlbedici olsa da, bu qurumların heç biri həyati əhəmiyyət kəsb eləmir. Konkret olaraq cəmiyyətə və Azərbaycandakı demokratik proseslərin inkişafına hər hansı töhfə verməyib. Bu cür qurumları yaradan insanlar toplaşaraq ölkədə gedən proseslərin obyektiv mənzərəsini vermək əvəzinə daha çox qərəzli, iftira dolu bəyənatlarla çıxış edir. Çox təəssüflər olsun ki, onların həqiqəti əks etdirməyən dosyeləri və dezinformasiyaları dünyanın ayrı-ayrı beynəlxalq təşkilatlarına göndərilərək Azərbaycanın imicinə ziyan gətirmək kimi anti-milli missiyanı yerinə yetirir. Yaradılmış olan bu təşkilat da əminəm ki, əvvəlki ənənələrə sadiq qalacaq və Azərbaycanda insan haqları və demokratik təsisatlarla bağlı obyektiv məlumatı özündə əks etdirən nə müzakirə aparacaqlar, nə də ki konkret bununla bağlı sənədlər ortaya qoyacaqlar”.
“Şübhəm yoxdur ki, qərəzli mövqe tutacaqlar”
F.Ağamalının sözlərinə görə, Azərbaycanda insan haqlarının inkişafı ilə bağlı onlarla hüquq müdafiəçiləri, QHT-lər və Ombudsman Aparatı var: “Bu təsisatlar vətəndaş cəmiyyətinin formalaşmasına və bu yolda qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına öz töhfəsini verir. Bu Mərkəz də o zaman əhəmiyyətli olardı ki, onların apardığı müzakirə və qəbul etdiyi qərarlar obyektiv xarakter daşısın, iqtidara qarşı əlavə hücum vasitəsinə çevrilməsin. Məhz onların bu cür davranış səviyyələrinə görə şübhəm yoxdur ki, qərəzli mövqe tutacaqlar. Çünki onların keçmiş olduğu həyat yolu, fəaliyyətlərinin bütün tərəfləri dediklərimi birmənalı şəkildə təsdiq edir.
Qeyd edək ki, Xalq Partiyasının sədri Pənah Hüseyn musavat.com-a açıqlamasında partiya sədrləri arasında bu formada piketin keçirilməsinin razılaşdırıldığını deyib: “Əgər piket baş tutacaqsa, yalnız partiya sədrlərinin iştirak edəcəyi ilk aksiya olacaq. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və piket barədə ümumi siyasi qərar var”.
Nərgiz