13 Noyabr 2014 15:32
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında başqanlıq seçkisindən 2 aya yaxın müddət keçsə də, təşkilatda üzvlər arasında ittihamlar səngimir.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları qurultayda ədalətsizliyin olduğunu bəyan edir və partiya daxilində fraksiya yaradılmasının qaçılmaz olduğunu söyləyirlər.

Yeni başqan Arif Hacılı və komandası isə fraksiyanı nizamnamə pozuntusu olduğunu qeyd edir.

A.Hacılının müavini Gülağa Aslanlı qarşı tərəfə müraciət edərək qayda pozuntusu barədə faktları təqdim etməyi təklif edib. O, bildirib ki, faktı təqdim edən şəxsin iştirakı ilə narazı qaldığı məsələni müzakirə edə bilərlər.

Müsavat başqanının sabiq müşaviri, başqanlıq yarışında namizədliyini Qubad İbadoğlunun xeyrinə götürmüş Səxavət Əlisoy özünün Facebook səhifəsində G.Aslanlıya iki fakt təqdim edib və bunlara cavab istəyib:

“1. Qurultaydan sonra Səbail rayonunda sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?

2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?”

Gülağa Aslanlı Teleqraf.com vasitəsilə S.Əlisoya cavab verib. Başqan müavininin sözlərinə görə, S.Əlisoyun dediyi məsələlər qurultaydan sonra baş verən hadisələrdir: “Səbail rayonunda sədr seçkisi məsələsi çox operativ həll olundu. Məlum olanda ki, bir ailədən iki nəfər Məclis üzvü var, ailənin bir üzvünə məlumat verildi ki, həyat yoldaşına da bunu çatdır. Həyat yoldaşı isə bildirdi ki, ona hansısa məlumat çatdırılmayıb. Həmin gün nəticələr ləğv olunub. Heç nəticələr Məclisə də çıxarılmayıb ki, məsələ ilə bağlı hansısa söz deyilsin. Aşığın sözü qurtaranda dalay-dalay deməyə başlayır. Bunlar qurultaydan sonra olan hadisələrdir”.

Müsavatın Ağcabədi və Mingəçevir rayon təşkilatları adından yayılan bəyanatlara gəlincə, G.Aslanlı deyib ki, Ağcabədidə olan zona müşavirəsində rayon təşkilatının sədri bəyanatın razılaşdırıldığını bildirib: “Digər rayon təşkilatının sədr müavini isə deyir ki, razılaşmamışıq. Ona görə də bu məsələlərin guya böyük nizamnamə pozuntusu olduğunu iddia etmək özü də nizamnaməni bilməməyin nəticəsidir”.

Qeyd edək ki, partiya hazırda rayonlarda zona müşavirələri keçirir. Bir sıra rayon təşkilatları bəyanat yayaraq qeyd ediblər ki, Müsavat Partiyasının VIII Qurultayı tam demokratik və nizamnaməyə uyğun keçirilib. Lakin Ağcabədi və Mingəçevir rayon təşkilatlarının nümayəndələri belə bir bəyanata imza atmadıqlarını söyləyiblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər