Partiya sədrinin müavini lazımi imzanı topladı
Klassik Xalq Cəbhəsi Partiyasının sədri müavini Xəzər Teyyublu bələdiyyə seçkilərində namizədliyinin rəsmən təsdiqlənməsi üçün lazımi imzaları seçki dairəsinə təhvil verib.
O Teleqraf.com-a açıqlamasında deyib ki, rayon ərazisindən yığılan seçici imzalarını artıqlaması ilə 20 saylı Nərimanov seçki dairəsinə təqdim edib: “3 gün müddətinə baxıb müvafiq cavab verməlidirlər. İnsanlar çox rahatlıqla imzalarını əsirgəmirdilər. Hazırda partiyamızda prioritet məsələ bələdiyyə seçkiləridir. Rayonlardan namizədlər çoxdur, imzaların toplanıb bitməsinə yaxın mərhələ yaşanır”.
“Noyabrın 17-də Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq”
X.Teyyublu əlavə edib ki, “Demokratiya və insan hüquq mərkəzi”nin noyabrın 17-də Milli Dirçəliş Günü ilə bağlı tədbiri gözlənilir: “Tədbir səhər saat 12.00-dan başlayacaq, Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq, sonra rayon şöbələrində respublika boyu tədbir keçiriləcək. Rayon şöbələrində dekabrın 23-dək bilavasitə bələdiyyə seçkilərilə məşğul olacağıq. Hər həftə partiya rəhbərliyinin toplantıları baş tutur”.
AXCP-dən gələnlər KXCP-yə qeydiyyata alınır
O AXCP-dən KXCP-yə üzv olmaq üçün edilən müraciətlərə də toxunub: “52 nəfərin Təşkilat Şöbəsinə müraciəti daxil olub. Şəxsən mənim imzamla KXCP-nin Sumqayıt şəhər təşkilatına tapşırıq göndərilib. Hansı təşkilatdan gəlməsindən asılı olmayaraq insanlar KXCP-yə müraciət ediblərsə, biz onların ərizələrini qəbul edirik. Hazırda həmin insanlar anketi doldurmaqla məşğuldurlar, qeydiyyatda olduqları ünvana uyğun olaraq KXCP-nin özək təşkilatlarında qeydiyyata alınırlar”.
Nərgiz