Biləsuvar rayonunda 1 yaşlı körpəsini öldürən Gülər İmanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cəlil Nəbiyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin avqustun 14-də, saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü oğlan uşağına məxsus meyitin Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin anası, 1991-ci il təvəllüdlü Gülər İmanzadə həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb.
Nəticədə azyaşlı suda boğularaq ölüb. Qadın isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.
Məlum olub ki, hadisədən əvvəl gəlin evdə döyülüb.
Bundan sonra qadın özünü və azyaşlı övladını öldürmək qərarına gəlib.
İstintaq orqanı tərəfindən Gülər İmanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.